Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyasının qurultayını keçirmək üçün alternativ resursları yoxdur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının divan üzvü Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, Müsavat Partiyasının qurultayını keçirməsi üçün yeganə variantı ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti lazımi şəraiti olan yerlərdən birini ayırsın: “Çünki özəl müəssisələr siyasi partiyalara tədbir, qurultay üçün yer vermir. Ona görə də biz Bakı Şəhər İcra Hakimiyyətinə bir daha müraciət etmişik”.
Q.İbadoğlu qeyd edib ki, partiya öz qurultayını keçirməkdə israrlıdır və bu, Müsavatın 2014-cü il fəaliyyət proqramının tərkib hissəsidir.
O, Müsavat başqanlığına namizəd olacağını da istisna etməyib: “Hələ ki, qurultayın yer məsələsi ilə məşğuluq, bu barədə müzakirələr hələ başlamayıb. Qurultaya yer ayrılandan sonra bu məsələ ilə bağlı məlumatları bölüşəcəyik. Ancaq istənilən halda hər bir partiya üzvünün namizəd olmaq imkanı var”.