Bakı - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Etimad Qurultayı Təşkilat Komitəsinin (EQTK) mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə, təşkilat komitəsinin sədri Razi Nurullayev bildirib ki, oktyabrın 18-də AXCP EQTK-nın qurultayı keçiriləcək. Onun fikrincə, qurultay Azərbaycan tarixində "siyasi dönüş" rolunu oynayacaq.
R. Nurullayev qeyd edib ki, AXCP sədri Əli Kərimli ətrafında olan gənclərin mənəviyyatını korlayır, onlardan öz xeyrinə istifadə edir. O, Milli Şuranın üzvü Gültəkin Hacıbəylini də ittiham edib: "Gültəkin Hacıbəyli həmişə hakimiyyətə xidmət edib və deputat seçilmədikdən sonra Əli Kərimlinin yanında olub. Onlar bizim haqqımızda təhqirlər yayırlar, bizi mənəvi terrora məruz qoyurlar. Bizə qarşı təhqirlərə görə məhkəməyə müraciət edəcəyik".
Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli isə qeyd edib ki, AXCP EQTK 2 ay müddətində xeyli iş görüb. Onun sözlərinə görə, qurultayda 1000 nəfərdən artıq üzv iştirak edəcək.