Bank Of Baku

Sərdar Cəlaloğlu: “Ədliyyə Nazirliyinə şikayət verilirsə, artıq Müsavat bir legitim struktur kimi seçkilərdə iştirak edə bilməz”

Sərdar Cəlaloğlu: “Ədliyyə Nazirliyinə şikayət verilirsə, artıq Müsavat bir legitim struktur kimi seçkilərdə iştirak edə bilməz”
# 22 avqust 2015 11:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Bu gün Müsavat və AXCP-nin düşdüyü vəziyyət hər iki təşkilatda demokratikləşmənin kifayət qədər zəiflədiyini göstərir”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

 

S. Cəlaloğlu bildirib ki, Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) baş verən proseslərin seçkiöncəsi meydana çıxması bu hadisələrin heç də zahiri qoyuluşuna uyğun məsələ olmadığını göstərir: “Çünki indiki halda partiyalar seçkiyə gedirlər. Yəni, Müsavat Partiyasının qurultayı ilə bağlı şübhə varsa və Ədliyyə Nazirliyinə şikayət verilirsə, artıq Müsavat bir legitim struktur kimi seçkilərdə iştirak edə bilməz. Bu baxımdan mən bu prosesləri seçkiqabağı bir konyuktura kimi görürəm. Bunların arxasında hansı gücün olduğunu deyə bilmərəm. Xüsusən bu məsələni qaldıran tərəflərin öz partiyalarının maraqlarına, seçdikləri yola xidmət etmədiklərini də bildirmək istəyirəm. Bu, həm AXCP-yə, həm də Müsavat Partiyasına aiddir”.

 

ADP sədri istər Müsavat, istərsə də AXCP rəhbərliyinin öz üzvlərinin təklifinə, etirazlarına verdikləri reaksiyanı düzgün hesab etmir: “Narazıların iddiaları geniş müzakirə olunmur, konsensus əldə edilməsinə cəhd edilmir və bu da demokratiyaya uyğun davranış deyil. Yəni, faktiki olaraq bu gün Müsavat və AXCP-nin düşdüyü bu vəziyyət hər iki təşkilatda demokratikləşmənin kifayət qədər zəiflədiyini göstərir. Bunun da obyektiv səbəbi odur ki, şərait partiyadaxili demokratiya üçün əlverişli deyil. Demokratiyanı boğmaqla, çoxluğu əsas götürərək konsensusdan imtina etməklə həmişə haqlı tərəf də haqsız duruma düşür. Ola bilər ki, bu gün Arif Hacılı və Əli Kərimli haqlıdır, amma bu hadisələrin demokratik zəmində geniş müzakirəsini təşkil etmədiklərinə görə, bu gün özləri günahkar duruma düşüblər”.

 

Xatırladaq ki, Müsavat Partiyasının bir qrup sabiq üzvü partiyanın VIII qurultayının nəticələrinin ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət edib. AXCP-də isə sədrin sabiq müavini Razi Nurullayev partiyadan kənarlaşdırılandan sonra əsl AXCP-nin onun rəhbərliyi ilə yaradılacağını, Əli Kərimlidən partiyanın möhürünü alacağını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR