Bakı. Mübariz Aslanov – APA. “Bizim üçün ən təəccübləndirici hallardan biri budur ki, Avropa Parlamentinin bəzi üzvləri Azərbaycana qarşı qarayaxma kampaniyalarına qoşulurlar və özü də bunu silsilə şəkildə həyata keçirirlər”.
APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin sədr müavini, Azərbaycan-Avropa Parlamenti əməkdaşlıq qrupunun həmsədri Valeh Ələsgərov parlamentdə deputatların və QHT nümayəndələrinin iştirakı ilə keçirilən müzakirədə deyib. Avropada Azərbaycana qarşı aparılan təbliğat kampaniyası, o cümlədən Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən dinləmələrə həsr olunan müzakirədə çıxış edən V. Ələsgərov bildirib ki, bu, hansısa mərkəzdən idarə olunan davamlı prosesdir:
“Son zamanlar vətən xaini Əlikram Hümbətovu Avropa Parlamentinə dinləmələrə dəvət ediblər. Cəbhəni tərk edən hər hansı bir xaini ora dəvət etmək hansı niyyətdə olduqlarının göstəricisidir. Azərbaycan başqa ölkələrdən fərqli olaraq, müstəqil siyasət aparır, Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Təzyiqlərə baxmayaraq, biz müstəqil siyasət aparırıq. Avropa siyasətçilərinin Azərbaycanla əməkdaşlıq qurması, onu tənqid, tərif etməsi üçün kifayət qədər platformalar var. Bizimlə tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul edə bilmərik. “Şərq Tərəfdaşlığı” adlı bir missiya var. Orada Avropanı təmsil edən 60 deputatla yanaşı, tərəfdaş ölkələrin hərəsindən 10 deputat da var. Adını tərəfdaş qoysalar da, bizimlə bərabər hüquqda danışmaq istəmirlər. Təzyiq dilində danışırlar. Avropa Parlamentinə dəfələrlə bildirmişik ki, Azərbaycanla bağlı nə iradınız varsa, gəlin bir tədbiri də Bakıda keçirib, burada aydınlaşdıraq. Amma üz-üzə gəlmirlər. Türkiyə 60 ilə yaxındır Avropa Birliyinə qəbul olunmur. NATO-ya dərhal qəbul etdilər, çünki söhbət öz təhlükəsizliklərindən gedirdi, amma humanitar, iqtisadi məsələlərdə Türkiyəni yaxın buraxmırlar. Çünki onlar üçün din, etnik mənsubiyyət əsas amildir”.
Deputat Azay Quliyev isə bildirib ki, müəyyən qüvvələr Avropa Oyunları ilə bağlı Azərbaycan əleyhinə kampaniya aparır və son vaxtlar bu intensivləşib: “Bu yaxınlarda APA İnformasiya Agentliyində çox yaxşı araşdırma getdi və bu qüvvələrin mənbəyi, niyyəti açıq ortaya qoyuldu”.
Deputat qeyd edib ki, ABŞ-ın keçmiş diplomatları bu işdə xüsusi canfəşanlıq nümayiş etdirirlər. Onun sözlərinə görə, vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş Rebekka Vinsent aparılan kampaniyada iştirak edir: “Biz bu kampaniyaya səssiz qala bilmərik”.