Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blankının təsviri və spesifikasiyası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən qərarın adından “Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən” sözləri çıxarılıb və “Viza blankının təsviri və spesifikasiyası”nın təsdiq edilməsi haqqında” qərar adlandırılıb.
İndiyə qədər viza blankı üçün viza sahibinin şəkli tələb olunubsa, dəyişikliyə əsasən, bundan sonra viza blankında viza sahibinin biometrik identifikasiya tələblərinə uyğun üz təsviri əksini tapacaq. Nazirlər Kabineti "Viza blankının nümunəsi"ni də təsdiq edib.