Şirvan. Əlibəy Zeynallı – APA. Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Yadigar Sadıqlının apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə Y. Sadıqlının özü də iştirak edib. Məhkəmə prosesində şahid dindirilib və vəkillər tərəfindən bəzi vəsatətlər verilib. Vəkillərin təqdim etdiyi vəsatətlər qismən təmin olunub.
Proses iyulun 22-də davam etdiriləcək.
Qeyd edək ki, Y. Sadıqov ötən il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında saxlanılıb. R. Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqlının iki nəfərlə birgə onu döydüyünü bildirib. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Y. Sadıqlı 6 il müddətinə azadlıqdan məhrum edilib.