Bakı. Ramiz Mikayıloğlu – APA. “Din pərdəsi altında gənclərin zərərli dini cərəyanların təsirinə düşməsinə qarşı mübarizə aparılmalı, nəzarət gücləndirilməlidir. Gənclərimiz vətənpərvər ruhda böyüməli, yüksək təhsil almalıdırlar. Gənclərin milli-mənəvi ruhda tərbiyəsi çox vacibdir”.
APA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika Konfransında Şuranın sədri Nurlana Əliyeva söyləyib.
N. Əliyeva Avropada ailə institutunda yaranan problemlərə, boşanmaların artmasına, əhalinin təbii artımının azalmasına toxunub, bunun səbəbinin gender probleminin feminizm səviyyəsinə çatdırılması olduğunu vurğulayıb.
O, Azərbaycanın bəzi ucqar bölgələrində azyaşlı qızların təhsil sistemindən ayrılaraq ərə verilməsinin narahatlıq doğurduğunu, bu sahədə maarifləndirmə işlərinin aparılmalı olduğunu da qeyd edib.
N. Əliyeva YAP Qadınlar Şurasının ötən dövr ərzində bu problemlərə rast gəlinən Salyan, Astara, Lənkəran və digər bölgələrdə maarifləndirmə xarakterli tədbirlər keçirdiyini bildirib.