Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər, Kəlbəcər, Xocalı rayon ərazi ilk partiya təşkilatlarının sədrlərinin və fəallarının iştirakı ilə müşavirə keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, müşavirə iştirakçıları əvvəlcə Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.
Gəncə şəhər Heydər Əliyev mərkəzində baş tutan tədbirdə Baş Nazirin müavini, YAP-ın sədr müavini Əli Həsənov, Gəncə şəhər, Kəlbəcər və Xocalı rayon İcra Hakimiyyətlərinin başçıları, Milli Məclisin deputatları iştirak ediblər.
Müşavirədə çıxış edən Ə.Həsənov qeyd edib ki, 27 il əvvəl yaradılan partiyanın 750 mindən artıq üzvü var: “Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan xalqı üçün yaradılıb”.
Müşavirədə həmçinin bu il keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və ictimai-siyasi proseslərdə partiya fəallarının üzərinə düşən vəzifələr müzakirə olunub.
Sonda partiya sıralarına yeni qoşulanlara vəsiqələr təqdim edilib.