“Artıq Böyük Qayıdış prosesinə başlanılıb və Azərbaycan tarixi qələbəni diplomatiya meydanında, quruculuq müstəvisində möhkəmləndirir. Bu, istər ölkədə, istərsə də regional miqyasda keyfiyyətcə yeni mərhələnin başlanğıcı və yeni perspektivlər deməkdir”.
APA xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, Azərbaycan Böyük qayıdışı ən yüksək səviyyədə təşkil etməklə dünyaya öz qüdrətini göstərəcək: “Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”ndə əksini tapan vəzifələrin ardıcıl olaraq yerinə yetirilməsi bu istiqamətdə qarşıda duran hədəflərə çatmağa imkan verəcək. Böyük Qayıdış proqramı çərçivəsində görüləcək işlər həmin ərazilərdə iqtisadi fəallığın təmin olunması və ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, sosialyönümlü iqtisadiyyatın inkişafına, o cümlədən məşğulluğun artmasına, əhalinin rifahının yüksəlməsinə əlavə təkan verəcək. İşğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrin bərpası da quruculuq və Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəni quruculuq tədbirləri də istər Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə və intibahına, istərsə də milli yaddaşımızın bərpasına, Azərbaycanın zəngin tarixi ənənələrinin və milli-mənəvi dəyərlərimizin dünyaya təqdim olunmasına müstəsna töhfədir”.