Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Xırdalanda Heydər Əliyev Mərkəzində Abşeron rayon ilk partiya təşkilatlarının rəhbərləri və üzlərinin iştirakı ilə zona müşavirəsi keçirilib.
APA-nın məlumatına görə, müşavirədə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, AMEA-nın prezidenti Akif Əlizadə, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, partiya fəalları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Daha sonra Heydər Əliyev Mərkəzinin akt zalında müşavirə keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
YAP-ın böyük gücə və cəmiyyətimizdə yüksək nüfuza malik olduğunu deyən Əli Əhmədov partiyanın siyasətinin xalqımız tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.
Ə.Əhmədov bildirib ki, Azərbaycan sürətlə inkişaf edir, ölkəmizin iqtisadi qüdrəti artır, Azərbaycan güclənir və insanlarımızın rifahı yaxşılaşır: “2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla minimum əmək haqqının iki dəfəyə qədər artırılması, minimum pensiyaların da təxminən iki dəfəyə qədər artırılması, əhalinin müxtəlif kateqoriyaların əmək haqlarının yüksəldilməsi Azərbaycan hökumətinin, Prezident İlham Əliyevin sosial yönümlü siyasətinin mahiyyətini ifadə edir”.
Bu il Azərbaycanda bələdiyyə seçkilərinin keçirləcəyini deyən YAP sədrinin müavini partiyanın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib.
Daha sonra müşavirə çıxışlarla davam edib.
Əli Əhmədov partiya həyatı ilə bağlı müşavirə iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını verib.