Bank Of Baku

Ziyafət Əsgərov: Azərbaycan xalqı həmişə öz liderinə - Prezident İlham Əliyevə güvənib

Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 10 aprel 2023 15:04 (UTC +04:00)

Azərbaycan xalqı həmişə öz liderinə - Prezident İlham Əliyevə güvənib.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Ziyafət Əsgərov deyib ki, prezident seçkiləri ölkənin hər sahə üzrə inkişaf istiqamətinin, sürətinin və həcminin müəyyənləşməsi baxımından Azərbaycanın dövlət müstəqilliyi tarixində daima ən həlledici hadisələrdən biri olub: “2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində 86.02 faiz səs çoxluğu ilə İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu nəticə təbii idi. Çünki dövlətin və cəmiyyətin bütün sahələrini əhatə edən dəyişikliklərin baş verdiyi ötən illər ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət kursu, həyata keçirdiyi islahatlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Həmin seçkilərdən sonra cənab İlham Əliyev andiçmə mərasimində etdiyi çıxışında demişdi ki, 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdi ki, əgər ona xalq etimad göstərərsə, Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacaq, bu siyasəti davam etdirəcək. Prezidentin çıxışındakı bu fikrə diqqət yetirsək görərik ki, 2003-2018-ci illər ərzində Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayıb, Azərbaycanda demokratik inkişaf çox sürətlə gedib, bütün azadlıqlar təmin edilib, azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, xalq vahid milli ideya ətrafında birləşib, ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olunub, ölkəmiz qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bilib, iqtisadi islahatlar aparılıb və iqtisadi məsələlərə xüsusi diqqət yetirilib. Ölkəmizin sənaye istehsalı, valyuta ehtiyatlarımız artıb, sahibkarlığın inkişafı sürətlə gedib, bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib, ölkə daxilində enerji təminatı yaxşılaşdırılıb, böyük infrastruktur layihələri icra edilib. 2003-2018-ci illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Eləcə də su təchizatı məsələləri əsasən öz həllini tapıb. 2003-2018-ci illər ərzində kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülüb. İlham Əliyevin ilk prezidentliyi dövrlərində qazanılmış uğurların hamısını sadalamaq mümkün olmasa da, qısaca qeyd etmək olar ki, regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı, mədəniyyət və idman sahəsində qazanılan uğurlar, ekoloji təhlükəsizliyə böyük diqqət ayrılması, ölkədə ümumi daxili məhsulun, büdcə gəlirlərinin artması, yeni iş yerləri açılması, əhalinin məşğulluq səviyyəsinin artması - bütün bunlar bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan və Prezident İlham Əliyevin son seçkilərdə də seçicilərin mütləq əksəriyyətinin dəstəyini qoruyub saxlamasına səbəb olan göstəricilər idi”.

Parlamentin komitə sədri qeyd edib ki, həmin dövr Azərbaycanın xarici siyasət sahəsində də olduqca əhəmiyyətli və sonrakı beynəlxalq əlaqələrimizin genişləndirilməsinin təməlində dayanan hadisələr baş verib: “2004-cü ildə ölkəmiz əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan Avropa Qonşuluq Siyasətinə qoşulub, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq inamlı qələbə qazanıb. Azərbaycanın yaxından iştirak etdiyi nəhəng transmilli layihələrin reallaşması Avrasiyanın enerji və nəqliyyat xəritəsində ciddi dəyişikliklər yaradıb. 2018-ci il mayın 29-da “Cənub qaz dəhlizi”nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olub. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətinin artmasında, Qərb ölkələri ilə münasibətlərin daha yüksək pilləyə qalxmasında vacib əhəmiyyət daşıyır.

Ziyafət Əsgərov vurğulayıb ki, bu gün Azərbaycanı regionda bir nömrəli enerji dövlətinə çevirən, enerji sahəsində Avropanın etibarlı tərəfdaşı statusu qazanmağımıza səbəb olan hadisələrin təməlində məhz Prezident İlham Əliyevin böyük əməyi, uzaqgörən siyasəti, Azərbaycanı dünya miqyaslı enerji layihələrinə daxil etməsi dayanır: “Çünki Ulu Öndərin müdrik siyasi kursunu mükəmməl mənimsəmiş İlham Əliyevin ölkəmizin qarşısında duran tapşırıqları və bu tapşırıqların həlli yolu ilə bağlı konseptual düşüncələri çoxdan formalaşmışdı. Bunu cənab Prezidentin andiçmə mərasimində səsləndirdiyi fikirlər də təsdiq edir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var”. Azərbaycanın iqtisadi sahədə və beynəlxalq miqyasda qazandığı uğurları, Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun bağlanmasını, Cənub Qaz Dəhlizinin mühüm hissələri olan həm TAP, həm TANAP qaz kəmərlərinin həcminin iki dəfə genişləndirilməsi məsələlərinin müzakirə olunduğunu, ölkəmizin liderliyi ilə planlaşdırılan digər yüksək büdcəli və geniş şaxəli enerji layihələrini nəzərə alsaq, Prezident İlham Əliyevin həmin plan və proqramları necə məharətlə həyata keçirdiyini görərik. Bütün bu uğurları sadalamaqla yanaşı, əminliklə deyə bilərik ki, ilk dəfə prezident seçildiyi dövrdən başlayaraq, Prezident İlham Əliyevin atdığı addımların arxasında dayanan əsas məsələlərdən biri, əsas məqsəd həmişə torpaqlarımızın işğaldan azad edilməsi olub. Ölkəmizin hərbi potensialının daha da gücləndirilməsi Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasına daxil olmasında mühüm rol oynayıb. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri 2018-ci ildə dünyada ən güclü 50 ordu sırasında yer tutub. 2018-ci il iyunun 26-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə təntənəli hərbi parad keçirilib. 240-dan çox hərbi texnika, gəmi, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayiş olunduğu parad Azərbaycanın Silahlı Qüvvələrinin maddi-texniki təchizat baxımından gücünü bütün dünyaya nümayiş etdirib.

Bu tarixi hadisədən cəmi iki il yarım sonra bütün dünya Azərbaycan Prezidentinin nikbinliyinin nə qədər əsaslı olduğunu gördü, özünü nə dərəcədə doğrultduğunun şahidi oldu. Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq öz torpaqlarını işğaldan azad etdi və bununla da şanlı tarixinin ən şərəfli səhifələrini yazdı. 44 günlük Vətən Müharibəsi dövründə İlham Əliyevin əsl sərkərdə, lider kimi hərbi komandanlıqdan tutmuş informasiya müharibəsinə kimi bütün cəbhələrdə ən öndə vuruşması, sonda “Dəmir yumruq”la düşməni məhv etməsi və nəticədə əldə olunan Qarabağ Zəfəri cənab Prezidentin Azərbaycan xalqına bəxş etdiyi ən böyük nailiyyətdir. Odur ki, 2018-ci ili prezident seçkiləri bu Zəfəri xalqımıza bəxş edən liderin seçildiyi seçkilər kimi əbədi tariximizə həkk olunacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR