"Türk dövlətləri arasında rəqəmsal iqtisadi platforma yaradılmalıdır".
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının aparıcı milli analitik mərkəzlərinin II Beynəlxalq Konfransında Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Ankara millət vəkili Kürşad Zorlu bildirib.
O qeyd edib ki, dünya rəqəmsal inteqrasiya, süni intellekt, məlumat əsaslı idarəetmə, blokçeyn və maliyyə texnologiyalarının sürətlə inkişaf etdiyi yeni sənaye mərhələsini yaşayır.
K.Zorlu bildirib ki, türk dünyası bu dəyişiklikləri nəzərə almalı və gələcəyin iqtisadiyyatına uyğun addımlar atmalıdır.
Onun sözlərinə görə, türk dövlətləri arasında rəqəmsal iqtisadi platformanın yaradılması istiqamətində işlər aparılır.
“Biz türk dövlətləri arasında ilk növbədə rəqəmsal iqtisadi platforma yaratmaq istəyirik. Rəqəmsal tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycan, Türkiyə və Özbəkistan bu sənədi parlamentlərində təsdiqləyib, digər ölkələrdə də proses davam edir”, – deyə K.Zorlu bildirib.
O qeyd edib ki, Türkiyədə təxminən 3 milyon şirkət fəaliyyət göstərir və onların 76%-i hazırda xarici ticarət əməliyyatlarını ənənəvi üsullarla həyata keçirir.
“Geniş bazarlara çıxmaq üçün rəqəmsal platforma vasitəsilə ilk növbədə öz ölkələrimizdə istehsal olunan məhsulları həm daxili bazarlarımıza, həm də dünya bazarlarına çıxarmalıyıq”, – deyə o vurğulayıb.
K.Zorlu bildirib ki, Türkiyədə özəl sektor təşəbbüsü ilə “Türkiyə Kervanı” adlı rəqəmsal platforma yaradılıb və bu istiqamətdə Özbəkistanın da mühüm layihələri var.
Onun sözlərinə görə, belə platformaların yaradılması vaxt itkisini azaldacaq, şirkətlərin beynəlxalq bazarlara çıxışını asanlaşdıracaq və türk dünyasının brendlərinin daha geniş tanınmasına imkan verəcək.