Bank Of Baku

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mətbuat konfransı keçirib

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mətbuat konfransı keçirib
# 29 fevral 2008 12:07 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün YAP qərargahında mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, N. İbrahimov qurumun ötən ilki fəaliyyətindən danışaraq deyib ki, bu müddətdə xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalıların diaspor quruculuğu işinə cəlb olunmasına, digər xalqların diaspor təşkilatları ilə əməkdaşlığının inkişafına, xüsusilə də türk və yəhudi icmaları ilə işgüzar əlaqələrin möhkəmləndirilməsinə, lobbi quruculuğuna xüsusi diqqət yetirilib. 2007-ci ildə Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu, Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı barədə danışan N. İbrahimov hər iki tədbirin mühüm əhəmiyyət kəsb etdiyini deyib. N. İbrahimov bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi operativ tədbirlər nəticəsində soydaşlarımızın Rusiya Federasiyasından kütləvi şəkildə köçürülməsi prosesinin qarşısı alınıb: “İndi soydaşlarımız bütün zəruri sənədlərini qaydaya salmağa və bununla da deportasiya təhlükəsindən xilas olmağa çalışır. Bu işdə regionlarda yerləşən qərargahlar da azərbaycanlılara zəruri kömək göstərirlər”. N. İbrahimov qeyd edib ki, rəhbərlik etdiyi qurum 20 Yanvar, Xocalı faciəsi, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, eləcə də Azərbaycan mədəniyyətinin təbliği məqsədilə diaspor təşkilatlarımızın həyata keçirdiyi fəaliyyətdə Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq etdiyini deyib. Nazim İbrahimov bir neçə gün əvvəl Tehranda Xocalı soyqırımı ilə bağlı təşkil olunan aksiyanın İran hüquq-mühafizə orqanları tərəfindən dağıdılması ilə bağlı jurnalistlərin sualını da cavablandırıb: “Xocalı soyqırımı Azərbaycanın həyatında çox böyük bir faciədir. Bizi özünə dost, qardaş hesab edən hər kəs bu faciəni anmalıdır. Kimlərin buna necə reaksiya verməsi bizi dərindən narahat etməməlidir. Biz belə şeylərdən nəticələr çıxarmalı, gələcək fəaliyyətimizdə daha inamlı olmalıyıq”. Jurnalistlərin Azərbaycandan Avropa ölkələrinə mühacirətə edən soydaşlarımızla bağlı suallarını cavablandıran komitə sədri deyib ki, onların vətənə dönməsi ilə bağlı vaxtilə verdiyi bəyanatlar indi də qüvvəsində qalır: “Ölkəmizdə siyasi partiyalar, müxalifətyönlü qüvvələr, azad mətbuat var. Azərbaycan demokratik bir ölkə kimi inkişaf edir. Ona görə də buradan qaçaraq başqa ölkələrdə siyasi sığınacaq alıb yaşamaq konyuktura məqsədi daşıyır”. Onun sözlərinə görə, sığınacaq alan azərbaycanlıların böyük əksəriyyəti özlərini, yaxınlarını erməni kimi təqdim ediblər.
Komitə sədri onu da deyib ki, sığınacaq alıb, dövlətini, millətini satan bəzi şəxslərin Azərbaycana qayıtmamağı daha yaxşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR