Bank Of Baku

Berlində Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası başlayıb

Berlində Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası başlayıb
# 27 mart 2008 09:23 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin 2007-ci il martın 9-da Bakıda keçirilmiş I Forumunda qəbul olunmuş Bakı Bəyannaməsinə uyğun olaraq təşkil edilib. İclasın məqsədi Azərbaycan və Türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr müəyyənləşdirmək, xalqlarımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələr aparmaqdır. Toplantını giriş sözü ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıb və “Türkdilli dövlətlər arasında münasibətlərin inkişafında diasporların rolu” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə həmçinin Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, AMEA prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri Mahmud Kərimov, Azərbaycan Milli Məclisinin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva, Bakı Slavyan Universitetinin rektoru, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü Kamal Abdulla, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirov, Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Nurtan Ural, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədrinin müavini, Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri və başqaları Azərbaycan və türk diaspor təşkilatlarının qarşılıqlı əlaqələri, birgə fəaliyyəti və onun prespektivləri ilə bağlı çıxışlar edəcəklər. İclasın sonunda Koordinasiya Şurasının həmsədrləri seçiləcək və yekun sənədlər qəbul ediləcək. Bunlar Berlin Bəyannaməsi və 1918-ci martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımın 90 illiyi ilə əlaqədar bəyanatdır.
Daha sonra 2007-cı ilin yekunları üzrə “Qobustan” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçiriləcək.
İclasdan sonra isə Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri və qonaqlar “Berlin Konserthauz”da Almaniyada Azərbaycan ilinin təntənəli açılış mərasiminə qatılacaqlar.
Xatırladaq ki, Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurası Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin I Forumunda yaradılıb və qərara alınıb ki, qurumun iclası ildə bir dəfə keçirilsin. Azərbaycan və türk icmalarının fəaliyyətini əlaqələndirmək məqsədilə yaradılan Koordinasiya Şurasının 101 üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR