Bank Of Baku

Heydər Əliyevin 85 illik yubileyi dünyanın 30-dan artıq şəhərində qeyd olunacaq

Heydər Əliyevin 85 illik yubileyi dünyanın 30-dan artıq şəhərində qeyd olunacaq
# 28 aprel 2008 08:49 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatları tərəfindən Heydər Əliyevin 85 illik yubileyini qeyd etməsinə dair tədbirlər planı hazırlayıb. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Mətbuat xidmətindən məlumat verilib. Tədbirlər planına uyğun olaraq Heydər Əliyevin 85 illik yubileyi dünyanın 30-dan çox şəhərində qeyd olunacaq. Mayın 10-da Ankarada Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Heydər Əliyevin 85 illiyinə həsr olunmuş konfrans keçirəcəklər. Həmin gün həmçinin TADF-in ofisinin açılış mərasiminin keçirilməsi də nəzərdə tutulur. Mayın 13-də Adana-Azərbaycan Kültür və Dayanışma Dərnəyi Adana Böyükşəhər Bələdiyyəsinin konsert salonunda Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə yubiley konserti təşkil edəcək. Mayın 14-də isə Adana-Azərbaycan Kültür və Dayanışma Dərnəyi və Heydər Əliyev Fondunun dəstəyi ilə Ceyhanda Heydər Əliyev Muzeyi açılacaq və bu münasibətlə böyük konsert proqramı təşkil olunacaq. Bir gün sonra, mayın 15-də İsgəndərunda Adana-Azərbaycan Kültür və Dayanışma Dərnəyi və Hatay Azərbaycan Kültür və Dayanışma Dərnəyi Atatürk meydanında Heydər Əliyevin yubileyinə həsr olunmuş toplantı və Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert təşkil edəcəklər. Heydər Əliyevin 85 illik yubileyi Dubay, Tel-Əviv, Berlin, Paris, Amsterdam, Rotterdam, Budapeşt, Kişinyov, Buxarest, Varşava, Praqa, Vilnüs, Tallin, Riqa və başqa şəhərlərdə də qeyd olunacaq. ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Nyu-York, Los-Anceles, Hyustonda analoji tədbirlər keçirməsi planlaşdırılır. Heydər Əliyevin anadan olmasının 85 illiyini Ümumrusiya Azərbaycan Konqresi Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi ilə birlikdə Moskva və Rusiyanın bir neçə digər şəhərində qeyd edəcək. Ukrayna Azərbaycanlıları Konqresi isə Kiyev və Dnepropetrovsk şəhərlərində yubiley tədbirləri keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR