Bank Of Baku

Qənirə Paşayeva: “Ermənilərin “Artsaxın azad olmasının 20 illiyi” adlı tədbirlərinin qarşısının alınması üçün Azərbaycan diasporu adekvat addımlar atmalıdır”

Qənirə Paşayeva: “Ermənilərin “Artsaxın azad olmasının 20 illiyi” adlı tədbirlərinin qarşısının alınması üçün Azərbaycan diasporu adekvat addımlar atmalıdır”
# 01 may 2008 16:50 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. ABŞ-ın Los-Anceles şəhərinin “Vilsher Ebell” teatrında mayın 2-də Yerli Erməni Mədəniyyət Fondu tərəfindən “Artsaxın azad olmasının 20 illiyi” adlı təmtəraqlı bayram tədbiri keçiriləcək. Mayın 9-da isə həmin şəhərdə ermənilərin təşkilatçılığı ilə “Şuşanın işğaldan azad edilməsi ilə bağlı erməni kino festivalı” təşkil olunacaq. Millət vəkili Qənirə Paşayeva APA-ya bildirib ki, Daşnaksutyun Partiyasının rəhbərliyi altında Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi günlərlə bağlı digər tədbirlərin, konsertlərin, kino festivallarının keçirilməsi də nəzərdə tutulub. Millət vəkilinin sözlərinə görə, buna cavab olaraq Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov bir sıra addımlar atmağa başlayıb. Baş konsul tədbirin keçiriləcəyi teatrın rəhbərliyinə məktubla müraciət edərək, ermənilərin bu aksiyasının təxribat xarakterli olduğunu bildirib. O, məktubunda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistan tərəfindən işğal edildiyini də nəzərə çatdırıb: “Elin Süleymanov bu addımı atandan sonra ermənilər onun əleyhinə müxtəlif kütləvi informasiya vasitələrində təbliğata başlayıblar”. Q. Paşayeva ermənilərin təkcə ABŞ-da deyil, dünyanın başqa ölkələrdə də bu kimi tədbirlər keçirəcəklərini istisna etməyib: “Azərbaycan diaspor təşkilatları da bütün buna qarşı diqqətli olmalı, adekvat addımlar atmalıdır. Tədbirlərin keçiriləcəyi şəhərlərin rəsmi qurumlarına müraciət edilməli, bu kimi aksiyalara imkan verməməli olduqları onların diqqətinə çatdırılmalıdır. Digər tərəfdən, həmin tədbirlərin keçirildiyi ərazilərdə Azərbaycan diasporunun nümayəndələri tərəfindən etiraz aksiyaları təşkil olunmalı, həqiqətləri əks etdirən məlumatlar yayılmalıdır”.
Millət vəkili onu da əlavə edib ki, əslində Azərbaycan diasporu təkcə etirazla kifayətlənməməlidir. Onun sözlərinə görə, ermənilərin Azərbaycana qarşı tədbirlər keçiridiyi salonlarda bizim diaspor təşkilatlarımız tədbirlər keçirməli, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdırlar: “Artıq ermənilərin türklərə qarşı törətdikləri soyqırımdan 90 il ötür. Eyni zamanda onların monodövlət yaratmaq üçün 1948-ci ildə azərbaycanlıları öz dədə-baba yurdlarından qovmalarından 60 il ötür. 1998-ci ildə Ermənistanda həyata keçirilən etnik təmizləmə siyasətinin də üstündən 20 il keçir. Elə Dağlıq Qarabağda başlatdıqları işğalçılıq siyasətindən də 20 il keçir. Bizim diaspor təşkilatlarımız geniş salonlarda, yaşadıqları ölkənin ziyalılarını, mediasını, sivil quruluşalarını da dəvət etməklə tədbirlər keçirməli, ermənilərin həmin cəmiyyətlərə yanlış informasiyalar vermələrinin qarşısını almalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR