Fuad Muradov: Erməni diasporunun problemləri getdikcə dərinləşir - MÜSAHİBƏ

Fuad Muradov

© APA | Fuad Muradov

# 23 dekabr 2023 10:00 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun APA-ya müsahibəsi

- 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xaricdə yaşayan soydaşlarımız arasında bağları və həmrəyliyi gücləndirmək üçün Dövlət Komitəsi hansı konkret fəaliyyətləri, tədbirləri və ya proqramları həyata keçirir və bu səylər, sizcə, Azərbaycanın təbliğinə necə töhfə verir?

- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü görkəmli dövlət xadimi, Türk dünyasının böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır və bu gün xaricdə yaşayan soydaşlarımızın ideoloji birliyinin möhkəmlənməsinə əvəzsiz töhfələr verib. Heydər Əliyev xarici səfərlərinin birində soydaşlarımızla görüşündə bu fikirləri ifadə etmişdi: “...Siz bilirsiniz ki, dekabrın 31-ni dünya azərbaycanlılarının həmrəylik günü elan etmişik. Həmin gün mən Azərbaycan Respublikasının vətəndaşlarını Yeni il bayramı münasibətilə təbrik edərkən həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlıları həmrəylik günü münasibətilə təbrik etdim. Üzümü bütün dünya azərbaycanlılarına tutub müraciət etdim: bilin ki, sizin Vətəniniz var və hamınız öz Vətəninizlə əlaqədə olun”.

Sevindirici haldır ki, bu gün dünyanın 5 qitəsində yaşayan soydaşlarımız ildən-ilə daha çox birlik və bərabərlik, həmrəylik nümayiş etdirir, məskunlaşdıqları ölkələrin həyatında yaxından iştirak etməklə yanaşı, ölkəmizlə də bağlarını möhkəmləndirir, Azərbaycanın adını daim uca tutur və azərbaycanlı olmaqları ilə qürur duyurlar. Diasporla İş üzrə Dövlət Komitəsinin 70-dən çox ölkədə yaşayan soydaşlarımızla intensiv əlaqələri mövcuddur və onların təşkilatlanmaları, fəaliyyətlərini mərkəzləşdirmələri üçün irihəcmli layihələr həyata keçirilir. Xaricdəki Azərbaycan icmalarının komitənin və onun nəzdindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə reallaşdırdığı layihələr minlərlə soydaşımızı əhatə edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması diasporun tarixində yeni mərhələnin əsasını qoyub, xaricdə yaşayan soydaşlarımızın potensialının ölkəmizin ümumi maraqları naminə birləşdirilməsində əvəzsiz rol oynayıb. Diasporumuz azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşib, milli məsələlərdə həmrəylik nümayiş etdirməyə qadirdir, fəaliyyət istiqamətlərini, prioritetlərini və hədəflərini artıq dəqiqləşdirib.

Son illər komitənin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən “Bir olaq, həmrəy olaq” adlı bayram tədbiri artıq ənənə xarakteri daşıyır. Ötən il bayram tədbirimizdə 500-dən çox, Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən builki görüşdə isə 700 nəfərə yaxın soydaşımız iştirak edib. Zoom-konfransda iştirak edən icma üzvləri diasporumuzun “Heydər Əliyev İli”ndəki fəaliyyətini təqdir edib, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən məmnunluq ifadə ediblər.

“Bir olaq, həmrəy olaq” adlı bayram tədbiri həm də imkan verir ki, komitənin və diasporun illik fəaliyyəti təhlil olunsun, həyata keçirilən layihələrə nəzər salınsın, mövcud potensial müzakirə edilsin, yeni il üçün istiqamətlər müəyyən olunsun, hədəflərə çatma imkanları bir daha gözdən keçirilsin.

Komitə ilə yanaşı, diaspor təşkilatları, Koordinasiya Şuraları, Azərbaycan Evləri, həftəsonu məktəbləri də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü ayrıca da qeyd edir, bu bayramın mahiyyətini bir daha nəzərə çatdırır, birlik və həmrəyliklərini ifadə edirlər.

Dünyada gedən proseslər göstərir ki, hər bir xalqın diasporu resurslarını düzgün müəyyənləşdirməli və doğru istifadə etməyi bacarmalıdır. Biz xaricdəki diaspor təşkilatlarının, diaspor üzvlərinin bazasını formalaşdırırıq və diasporun potensialının analizini aparırıq. Artıq bizə aydındır ki, hansı təşkilatın gücü nədir, hansı icmamız nəyə qadirdir. Bu təhlillərin nəticəsində fəaliyyətin də hansı istiqamətlərdə qurulması müəyyən olunur. 44 günlük müharibə və postmüharibə dövrü göstərdi ki, diasporun təşəbbüskarlığı artıb, diaspor fəaliyyəti keyfiyyətcə yeni mərhələyə yüksəlib və diasporumuz “yumşaq gücə” çevrilmək yolunda ciddi nəticələrə nail olub.

Cənab Prezidentin 22 aprel 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayındakı tarixi çıxışında diasporun bundan sonrakı fəaliyyətinin bütün prioritetləri müəyyən edilib. Qənaətim budur ki, diasporumuz Ulu Öndərin müəyyən etdiyi yolla gedir, bu günün tələbləri çərçivəsində, dövlət başçısının tövsiyələri əsasında hərəkət edir, hörmətli Mehriban xanımın ölkəmizin dünyada təbliğinə böyük töhfələr verən layihələrindən bəhrələnərək Azərbaycanın təbliği üçün əlindən gələni edir.

- Xaricdə yaşayan azərbaycanlılar arasında Azərbaycan mədəniyyətinin qorunması, dilinin təbliği və eləcə də təhsil mübadilə proqramları məsələlərinə Azərbaycan diasporunun cəlb edilməsində bu gün hansı çətinliklərlə qarşılaşırsınız və hansı imkanlar var? Bu barədə ətraflı məlumat verməyinizi rica edirəm.

- Azərbaycan diasporunun tarix və mədəniyyətimizin təbliğinə cəlb olunması, ana dilini öyrənməsi prosesi uğurla gedir və komitə bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. Biz fəaliyyətimizdə dövlət başçısının tapşırıq və tövsiyələrini əsas götürür və onları bütün layihələrin təməl prinsiplərinə çeviririk. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Zəfər Qurultayındakı açılış nitqində bu fikirləri ifadə etmişdi: ”Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.

Bu gün dünyanın müxtəlif ölkələrində 20 Azərbaycan Evi fəaliyyət göstərir, onların hər birində həftəsonu məktəbləri açılıb. Komitə Elm və Təhsil Nazirliyi ilə birlikdə həmin məktəblər üçün xüsusi “Azərbaycan dili” dərsliyi çap edib. Hörmətli Mehriban xanımın təşəbbüsü ilə açılan “Qarabağ” adlı məktəblər və ümumilikdə bütün həftəsonu məktəbləri, eləcə də Azərbaycan Evləri həm dərsliklə, həm də lazım olan bütün əlavə vəsaitlə təmin olunub. Bu gün hər bir məktəbdə ixtisaslaşmış müəllimlər dərs deyir. Çevik mexanizmlərlə işləyən, diasporun birliyində və ölkəmizin tanıdılmasında əvəzsiz rol oynayan həmin evlər gələcəkdə həqiqi beyin mərkəzlərinə çevrilə bilər. İstər Azərbaycan Evlərində keçirilən, istərsə də son illər yaradılan 15 Koordinasiya Şurasının təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində təşkil olunan hər bir görüş, aksiya, mədəni tədbir mədəniyyətimizin, tariximizin təbliğində, ölkəmizin tolerantlıq ənənələrinin dünyaya tanıdılmasında xüsusi rola malikdir.

Xaricdəki Azərbaycan icmaları, diaspor təşkilatları, Koordinasiya Şuraları, Azərbaycan Evləri, “Qarabağ” məktəbləri və həftəsonu məktəbləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Heydər Əliyev İli” çərçivəsində 200-dən çox tədbir təşkil edib, hər bir tədbir xüsusi həssaslıq və peşəkarlıqla hazırlanıb.

Bu gün Azərbaycan dövləti diasporun fəaliyyətinə, daha güclü və daha mütəşəkkil olmasına çox böyük dəstək göstərir, diaspor vətənin gücünü tam mənası ilə hiss edir. Diasporumuzun gələcəkdə daha da güclənməsi, “yumşaq güc”ə məxsus olan bütün təsirli vasitələrdən istifadə etməsi üçün möhkəm zəmin yaradılıb. Azərbaycan diasporunun fəaliyyəti də komitənin fəaliyyətinə adekvatdır. Xaricdə yaşayan azərbaycanlılar təşkilatlanmaq, müasir tendensiyalara cavab verərək informasiya müharibəsinin güclü tərəfinə çevrilmək yolunda uğurla irəliləyirlər. Komitənin həyata keçirdiyi Diaspor Gənclərinin Yay Düşərgələri, Diaspor Gənclərinin Qış Düşərgələri, Beyinqazanma proqramı, Liderliyin inkişafı proqramı, Diaspor Gəncləri Şəbəkəsi, 1+1 Gənclər Proqramı, “E-akademiya” layihəsi, Diaspor Qadınları Şəbəkəsi, Diaspor Könüllüləri Proqramı, Türkdilli Dövlətlərin Gənclərinin Forumları, Xaricdəki Azərbaycanlı Həkimlərin Forumları, Xaricdəki Azərbaycanlı Alimlərin Forumları kimi irihəcmli layihələr həm diasporu birləşdirir, həm də Azərbaycanla diaspor arasında sarsılmaz bağlar yaradır. Bu layihələrin hər biri Azərbaycan mədəniyyətinin qorunmasına, dilimizin mənimsənilməsinə mühüm töhfələr verir. Misal olaraq qeyd edə bilərəm ki, Diaspor Gənclərinin Yay Düşərgələri zamanı gənclərimiz üçün gündəlik Azərbaycan dili dərsləri təşkil olunur. Həmin dərsləri peşəkar müəllimlər keçir və diaspor gəncləri bir həftə ərzində ana dilində danışıq vərdişlərini inkişaf etdirirlər.

Komitə xaricdə yaşayan, təhsil alan gənclərimizlə də möhkəm əlaqələr qurub, tələbələri müxtəlif ölkələrdəki təcrübə mübadiləsi proqramlarında iştirak etməyə təşviq edir, xarici tələbələr arasında Azərbaycanın ali təhsil müəssisələrində oxumaları üçün maarifləndirmə işləri aparır.

- Xaricdə yaşayan Azərbaycan icmaları üçün təşkil edilən məktəblərin əlçatan olmadığı barədə şikayətlər eşidirik. Bu məsələnin həlli üçün komitəyə müraciət edənlər olurmu və ümumiyyətlə, komitə tərəfindən bununla bağlı hansı addımların atılması planlaşdırılır?

- Komitəyə bu günə kimi həftəsonu məktəblərinin əlçatan olmamağı barədə heç bir şikayət daxil olmayıb, əksinə, biz soydaşlarımızın məktəblərin xidmətindən istifadə etmələri üçün geniş təbliğat aparır və onların nəzərinə çatdırırıq ki, hər bir azərbaycanlı və Azərbaycan dilini, mədəniyyətini öyrənmək istəyən əcnəbilər həmin məktəblərin xidmətindən təmənnasız istifadə edə bilər. Məktəblərlə soydaşlarımız arasında əlaqələr, ünsiyyət çox yaxşıdır. Bu gün 100-dən çox həftəsonu məktəbi var, həmin məktəblərin bəzilərinə Azərbaycan dövləti dəstək göstərir, bəzilərinə həmin ölkələrdəki soydaşlarımız dayaq durur. Komitə həmin məktəbləri dərsliklə bərabər hər cür vəsaitlə, o cümlədən kitablar və milli atributlarla təmin edir, onların müxtəlif xarakterli tədbirlərinin təşkilinə yaxından köməklik göstərir.

Məsələn, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Evi tipli mərkəzlərdəki həftəsonu məktəblərinə bu günə kimi 1500-dən çox azərbaycanlı şagird gəlib, burada təhsillərini uğurla başa vurublar və ya davam etdirirlər. Burada həm də gürcü dili tədris olunur. Bu günədək 360-a yaxın azərbaycanlı tələbə gürcü dili kurslarını müvəffəqiyyətlə bitirib və sertifikat alıb. Gürcüstandakı məktəbli soydaşlarımızın bir qismi ali təhsil müəssisələrinə hazırlıq prosesində də həmin məktəblərin xidmətindən yararlana bilir. Londondakı onlayn “Qarabağ” məktəbinin də əhatə dairəsi çox genişdir. Hazırda məktəbə dünyanın müxtəlif yerlərindən 60-dan çox şagird cəlb olunub. Məktəbin xidmətlərindən təkcə azərbaycanlılar deyil, həm də xaricilər uğurla istifadə edir. Rusiya Federasiyasının 50-dən çox regionunda Azərbaycan dili, tarixi və mədəniyyətinin tədris olunduğu həftəsonu məktəbləri fəaliyyət göstərir. Fransa, Polşa, Finlandiya, İsveçrə, Çexiya, Litva, Estoniya, Ukrayna, Rusiya, Danimarka, Niderland, Macarıstan, ABŞ, Türkiyə, İspaniya, Norveç, İsveç, Kanada, Moldova, Özbəkistan, Qırğızıstan və bir sıra digər ölkələrdəki onlarla həftəsonu məktəbində ümumilikdə minlərlə soydaşımız oxuyur. Qahirədəki Azərbaycan Evinin nəzdindəki məktəbdə onlarla misirli tələbənin Azərbaycan dilini və mədəniyyətini öyrənməsi, ana dilimizdə təmiz danışmaları maraqla qarşılanır.

İcma üzvlərinə təmənnasız xidmət göstərən həftəsonu məktəblərinin sistemli və çoxistiqamətli fəaliyyəti diqqətçəkəndir. Məktəblərdə həm ana dili, ədəbiyyatı, tarixi öyrədilir, həm də rəqs, musiqi dərslərinə, şahmat və digər oyunlara geniş yer verilir, sərgilər təşkil olunur, müxtəlif xarakterli tədbirlər keçirilir. Bir çox məktəblər qeyd etdiyim kimi müxtəlif yaş qrupundan olan soydaşlarımıza yaşadıqları ölkələrin də dilini öyrənməkdə kömək edir. Onlar təhsili başa vurduqdan sonra milli kimliyə, milli adət-ənənələrimizə tam hakim olur, müxtəlif dillərdə ünsiyyət qura bilirlər. Arzu edənlərin dərslərdə onlayn formada da iştirak etmək imkanları var.

- Dünyada erməni diasporuna qarşı Azərbaycanın dayanıqlı diasporunun yaradılması istiqamətində hansı addımlar atılır?

- Müharibə və postmüharibə dövrü Azərbaycan diasporunun gücünün heç də az olmadığını sübut etdi. Müharibə bitib, ancaq informasiya müharibəsi hər zaman davam edəcək və diasporumuz informasiya müharibəsinin güclü tərəfi kimi öz funksiyasını yerinə yetirməyə qadirdir. Azərbaycan icmasının yerli cəmiyyətlərə inteqrasiya olunan, yüksək siyasi biliyi və dil bilgisi ilə diqqət çəkən üzvləri hər zaman müxtəlif ölkələrin media orqanlarında, hətta ermənipərəst KİV-lərdə də siyasi debatlarda iştirak edirlər. Onlar ölkəmizin haqlı mövqeyini müdafiə edərək dezinformasiyaların qarşısının alınmasında xüsusi fəallıq göstərirlər.

Qafqaz məsələləri üzrə ekspert, Stokholmda yayılan “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbilinin BBC-nin fars xidmətinə Azərbaycan-Ermənistan münasibətləri barədə verdiyi müsahibə erməni yalanlarının ifşa olunmasında ciddi rol oynayıb. Fransanın “Radio Courtoisie” radiostansiyasında bu ölkədə yaşayan azərbaycanlı hüquqşünas, politoloq, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Zaur Sadıqbəylinin erməni əsilli jurnalist Leo Nikolyanla debatı maraqla qarşılanıb və dezinformasiyaların qarşısının alınmasında xüsusi əhəmiyyət daşıyıb.

Başqa nümunələrə də diqqət çəkmək olar. Məsələn, ABŞ-ın müxtəlif ştatlarında şəhər merlərinin Azərbaycan günləri elan edilməsi ilə bağlı bəyanatlar imzalamaları hər il artan rəqəmlərlə müşayiət olunur. Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti Antonio Reynosonun 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bəyannamə imzalaması, Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Kuperin Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyannamə imzalaması, Minnesota ştatının qubernatoru Tim Volzun fevralın 26-nın Azərbaycan - Xocalı günü elan edilməsi ilə bağlı bəyanatı, Arizona, Nebraska, Cənubi Karolina, Ayova ştatlarında 28 May - Azərbaycan Milli Günü elan edilməsi buna misal ola bilər. Hər il meqapolislərin mərkəzi meydanlarında Zəfər lövhələri yerləşdirilir, üzərində Azərbaycanın ədalətli mövqeyinin, müharibənin və qələbənin həqiqi mənzərəsinin, statistikasının əks olunduğu məlumat lövhələrinin yerləşdirildiyi LED ekranlı maşınlar iri şəhərlərin baş meydanlarında hərəkət edir, dünya ictimaiyyətini məlumatlandırır. Bu gün dünyanın nüfuzlu ali məktəblərində məhz diasporumuzun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanla bağlı elmi konfranslar təşkil olunur.

Nyu-Yorkun “Times Square” meydanındakı binalarda, Yekaterinburq şəhərində Boris Yeltsin adına Prezident Mərkəzinin binasında, Londonun 10 məşhur binasında, eləcə də Helsinki, Bern, Roma və Saloniki kimi böyük şəhərlərin mərkəzlərində qələbə simvollarımızın təsvir olunduğu rəqəmsal lövhələr yerləşdirilir və ictimaiyyətə geniş məlumat verilir. Bir sözlə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti, informasiya müharibəsinin ən vacib tərəflərindən birinə çevrilməsi təqdirəlayiq hal kimi tarixə düşüb.

2021-ci il iyunun 15-də türk dünyasının mədəniyyət paytaxtı Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” türk və Azərbaycan diasporlarının birgə fəaliyyətinin Yol xəritəsini müəyyən edib. Bu bəyannamədən irəli gələn yeni vəzifələr daha sıx işbirliyinin formalaşmasına təkan verir və diasporumuzun daha güclü, daha dayanıqlı olmasına zəmin yaradır.

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Diasporuna Dəstək Fondu 5 ildir ki, fəaliyyət göstərir və fondun dəstəyi ilə diaspor təşkilatları olduqca vacib layihələr həyata keçirir. ADDF həm də humanitar yardımlar edir. Türkiyədə zəlzələdən zərər çəkən, aralarında azərbaycanlıların da olduğu qardaşlarımız daim diqqət mərkəzindədir və fondun xətti ilə onlara dəfələrlə humanitar yardımlar göndərilib.

ADDF tərəfindən göndərilən yardımlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərərçəkənlərin həyatlarının yüngülləşdirilməsi və ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsidir.

Başqa bir nümunəyə də diqqət çəkmək istərdim. Azərbaycan Diasporuna Dəstək Fondunun ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin övladlarının iştirakı ilə baş tutan “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi bu il Ümummilli Liderin 100 illiyinə həsr olunub və layihə gənclər arasında böyük rəğbətlə qarşılanıb.

Bu gün xaricdəki Azərbaycan icmaları həm özləri güclənir, həm də güclü Azərbaycana arxalanırlar. Dünya ermənilərinin isə üzləşdiyi problemlər daha ciddidir. Təhlilçilər bildirirlər ki, ermənilərin yaşadıqları bütün ölkələrdə, xüsusilə Avropa və ABŞ-da onların arasında parçalanma, siyasi marginallaşma və assimilyasiya təhlükəsi daha da artır.

Erməni diasporunun problemlərinin getdikcə dərinləşməsi ənənəvi və müasir diaspor arasında qeyri-sağlam mühit yaradır, diasporlar arasında əlaqələri tamamilə zəiflədir. Müşahidələr Avropa və ABŞ-dakı kənardan güclü görünən erməni icmasının əslində praktiki olaraq fəaliyyət sahəsinin xeyli daraldığını, təsir imkanlarının məhdudlaşdığını göstərir. Əsası Ümummilli Lider tərəfindən qoyulan diaspor siyasətini dövlət başçısının uğurla davam etdirməsi Azərbaycan diasporunun fəaliyyətində tamamilə yeni bir mərhələ formalaşdırıb və bu da güclü Azərbaycanın güclü və dayanıqlı diasporunun olmasının təməlində durur.

- Diaspor təşkilatlarının bir mərkəz ətrafında birləşməsi ilə bağlı proses gedirmi? Hazırda bununla bağlı vəziyyət necədir?

- Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən diaspor siyasəti xaricdəki Azərbaycan icmalarının gücünün birləşdirilməsini hədəfləyib və bu yolda ciddi nailiyyətlər əldə olunub. Hazırda diaspor təşkilatlarını özündə birləşdirən 15 Koordinasiya Şurası var. Müxtəlif ölkələrdə 20 Azərbaycan Evi açılıb. Azərbaycan diasporu növbəti illərdə Azərbaycan Evlərinin sayının daha da artırılmasına böyük maraq göstərir.

Xaricdə yaşayan soydaşlarımızın birləşməsi, təşkilatlanması, daha böyük qüvvəyə çevrilməsi üçün ən effektiv işlərdən biri qeyd etdiyimiz Koordinasiya Şuralarının yaradılması olub. Diasporun fəaliyyətinin mərkəzləşdirilməsində ciddi rol oynayan şuraların hədəfi gələcəkdə yerli, regional fəaliyyətin gücləndirilməsi ilə yanaşı, beynəlxalq təşkilatlar yanında müşahidəçi statusuna yiyələnməkdir. Koordinasiya Şuralarına diaspor təşkilatları, diaspor fəalları, həmin ölkələrdəki məşhur azərbaycanlılar cəlb olunub, burada müstəqil qərar qəbuletmə mexanizmləri yaradılıb və fəaliyyətin tam şəffaflığı təmin olunub.

Komitə xaricdəki azərbaycanlıların yayılma arealı, əhatə dairəsi, xarici ölkələrin siyasi-iqtisadi sferalarına təsir imkanları, intellektual potensialı, yaşadıqları cəmiyyətlərə inteqrasiya olunmaq bacarıqları və s. ilə bağlı geniş təhlillər aparır. Bu təhlillərin nəticələrindən istifadə olunaraq perspektiv müəyyən olunur, diasporun fəaliyyətinin çevik mexanizmləri yaradılır. Bütün bunlar diasporun bir mərkəz ətrafında birləşdirilməsi üçün atılan addımlar və ən effektiv üsullardır. Əvvəldə də qeyd etdiyim kimi Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında çıxış edən Prezident İlham Əliyev tarixi nitqində diasporun gələcək fəaliyyət planını cızıb və biz də bütün fəaliyyətimizi həmin plana uyğun həyata keçiririk.

- Gələcəkdə Azərbaycan diasporunun rolunu daha da inkişaf etdirmək və buna qlobal Azərbaycan icmasını cəlb etmək, əlaqələri daha da gücləndirmək üçün hansı planlarınız var?

- Ulu öndər Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışı zamanı belə qeyd etmişdi: ”Biz çox iş görməliyik ki, güclü Azərbaycan diasporu yaransın və müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər”.

Biz zamanla güclü Azərbaycan diasporunun yaranmasını müşahidə etdik və ümid edirik ki, xaricdəki icmalarımız getdikcə daha böyük qüvvəyə çevriləcək. Ulu öndərin ideyalarına sadiq qalan soydaşlarımız Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin diasporun inkişafı ilə bağlı ideyaları ətrafında sıx birləşir, bugünkü milli inkişaf strategiyasını fəaliyyətlərinin əsas prinsipinə çevirirlər. Komitə diasporun hər nəslinə yönəlik layihələri uğurla həyata keçirir, ixtisaslaşmış forum və konfranslar təşkil edir.

Diasporun gələcəyi gənclərə bağlıdır və gənclərin necə fəaliyyət göstərəcəyindən daha çox asılı olacaq. Biz xaricdə yaşayan azərbaycanlı gəncləri dəfələrlə bir araya gətirərək onların tarix və mədəniyyətimizi, ölkəmizdə gedən siyasi-iqtisadi prosesləri öyrənmələrinə, həqiqətlərimizi bilmələrinə, bir-birlərini daha yaxından tanımalarına, şəbəkələrinin formalaşmasına şərait yaratmışıq, potensiallarını daha çox üzə çıxarmalarına yönələn layihələr reallaşdırmışıq. Azərbaycan Diaspor Gəncləri Şəbəkəsini də məhz bu məqsədlə formalaşdırmışıq. Xaricdə çox yüksək potensiala malik olan gəncliyimiz var və onlar yaşadıqları cəmiyyətlərə daha yaxşı inteqrasiya olunmaları, siyasi-iqtisadi sferalarda təmsil olunmaları ilə nümunədirlər. DİDK müxtəlif ölkələrdəki azərbaycanlı gənclərlə, uşaqlarla daha fərqli formatlarda işləmək üçün xüsusi layihələr hazırlayır, onlar arasında sorğular keçirilərək təhlillər aparılır, gənclərimizin xüsusilə sosial media platformaları üzərindən şəbəkələşmələri üçün metodlar üzərində düşünülür.

Həkimlərlə, alimlərlə, iş adamları ilə ayrılıqda iş aparılır, müxtəlif ölkələrdə yüzlərlə diaspor üzvünün iştirakı ilə forumlar təşkil olunur. Almaniyadakı Azərbaycanlı Həkimlərin Forumları, Xaricdəki Azərbaycanlı Alimlərin Forumları buna misal ola bilər.

Biz xaricdəki icmalarımızın gücünü bilirik, bu gücü birləşdirməyin üsul və metodlarını müəyyən etmişik. Artıq neçə ildir ki, diasporumuzun beynəlxalq münasibətlərə və yaşadıqları ölkələrdəki siyasi proseslərə təsir edə bilən qüvvəyə çevrilməsi yolunda ciddi addımlar atılır. Təkcə diasporla deyil, xaricilərlə də həyata keçirilən ortaq layihələr qlobal Azərbaycan icmasının cəlb olunması yolunda ciddi irəliləyişə təkan verir. Diasporumuz da müzakirələrə açıqdır, ortaya analiz çərçivəsi qoymaq, strateji düşünə bilmək qabiliyyətinə, beynəlxalq ictimaiyyətlə işləmək təcrübəsinə malikdir.

Sözsüz ki, xaricdəki icmalarımız hər zaman Azərbaycan dövlətinin dəstəyini hiss edir, lakin bizim daha uzun müddətə hesablanan strateji planlarımız diasporun güclənməsini və müstəqil fəaliyyət göstərə bilməsini nəzərdə tutur. Biz çalışırıq ki, xaricdəki soydaşlarımız yaşadıqları cəmiyyətlərə inteqrasiya olunsun, həmin cəmiyyətlərin bir parçasına çevrilə bilsin və nəticədə dünyada söz sahibi olan iri dövlətlərin ictimai-siyasi dairələrinə təsir mexanizmlərinə malik olsun. Diaspor hərəkatının bugünkü inkişaf tempi yaxın gələcəkdə diasporumuzun bu gözləntiləri doğruldacağına ümid verir.

Təcrübə onu göstərir ki, diasporu ilə güclü bağlar qura bilən ölkələr dünyada öz mövqelərini möhkəmləndirir və bir çox sahələrdə rəqabətə davamlılıqlarını artıra bilirlər. Biz də bu yoldayıq və konkret nəticələrə nail ola bilmişik.

Görkəmli dövlət xadimi Heydər Əliyev 1994-cü ilin fevralında Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşərkən belə bir fikir söyləyib: “Belə hesab edirəm ki, xaricdə Azərbaycan diasporu formalaşır, O, gündən-günə inkişaf edəcək və Azərbaycana, öz vətəninə köməyini heç vaxt əsirgəməyəcəkdir...”.

Qəti əminliklə demək olar ki, bu sözlər artıq öz təsdiqini tapıb.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR