Dolların indeksi oktyabrın 11-dən ən aşağı səviyyəyə enib

Dolların indeksi oktyabrın 11-dən ən aşağı səviyyəyə enib
# 03 noyabr 2016 08:48 (UTC +04:00)

Dollar bugünkü ticarət sessiyasında ucuzlaşmaqda davam edib. "APA-Economics" xəbər verir ki, dolların zəifləməsinin əsas səbəbi investorların ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkiləri öncəsi üzləşdiyi qeyri-müəyyənlikdir.

Ötən gün başa çatan Federal Ehtiyatlar Sisteminin (FED) ikigünlük iclasından sonra uçot dərəcəsi dəyişməz olaraq 0,25-0,5% hədəf diapazonunda saxlansa da, FED rəsmiləri dekabrda dərəcənin artırılacağına işarə edib. Lakin bu işarə də investorların üzləşdiyi seçkiöncəsi qeyri-müəyyənliyin aradan qalxmasına səbəb olmayıb. "FED bizə yeni heç nə demədi. İnvestorların əsas diqqəti Hillari Klintonla Donalda Tramp arasında gedən amansız mübarizəyə yönəlib", - deyə "Royal Bank of Canada"nın rəsmisi Syu Trin bildirib.

Keçirilən sorğuların əksəriyyəti H. Klintonun qələbə qazanacağını göstərsə də, xanım namizəd açıq-aşkar üstünlüyünü əldən verib. Artıq D. Trampı siyahılarından silən investorların gələcək planlarında milyarderə də yer var. Yaxın keçmişdə keçirilən sorğular zamanı D. Trampı 5% qabaqlayan sabiq birinci xanım və dövlət katibi indi cəmi 1,7% öndədir.

Avro dollara qarşı 0,6% möhkəmlənərək 1,1125 dollara çatıb ki, bu da oktyabrın 11-dən etibarən ən yuxarı göstəricidir.

Dollar İsveçrə frankına nisbətən 0,3% geriləyərək 0,9603 frank səviyyəsindədir.

Yaponiyada dövlət bayramı olduğundan qeyri-iş günüdür və milli valyuta olan yen ticarət olunmur.

Ümumilikdə, dolların indeksi 0,22% itirərək 97,176 səviyyəsində qərarlaşıb ki, bu da oktyabr ayının 11-dən etibarən ən aşağı göstəricidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR