Azərbaycan Beynəlxalq Bankı 14 mln. manatdan artıq dividend ödəyəcək

 Azərbaycan Beynəlxalq Bankı 14 mln. manatdan artıq dividend ödəyəcək
# 18 iyun 2013 07:05 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) toplanmış mənfəətdən 14,1 mln. manatı səhmdarlarına dividend şəklində ödəmək qərarına gəlib ki, bu da illik 5,2%-ə bərabərdir. Bununla bağlı qərar ABB-nin səhmdarlarının sonuncu ümumi yığıncağında qəbul olunub.

ABB-dən «APA-Economics»ə verilən məlumata görə, Bankın 2012-ci ildəki fəaliyyəti nəticəsində 58,5 mln. manatlıq balans mənfəəti və 52,9 mln. manat həcmində yekun mənfəət yaranıb. Səhmdarlar mənfəətin 28,3 mln. manatını ABB-nin nizamnamə kapitalının artırılmasına yönəltmək qərarına gəlib. Bunun nəticəsində Bankın səhmlərinin nominal dəyəri 0,24 manatdan 0,26 manatadək artacaq. Nəticədə, 2012-ci ilin yekunu olaraq ABB-nin istifadə olunmamış 16 mln. manat xalis mənfəəti qalıb.

Qeyd edək ki, son 12 il ərzində ABB-nin aktivləri 25 dəfə, kredit portfeli 30 dəfə, müştəri depozitləri 58 dəfə, nizamnamə kapitalı 148 dəfə artıb. Əgər 2000-ci ilin yekununda Bankın zərəri 4,2 mln. manat olmuşdursa, 2012-ci ilin yekununda Bank 58,5 mln. manat həcmində mənfəət əldə edib, həmçinin ehtiyatlar 24 dəfə artaraq 727 mln. manata çatıb. Bununla yanaşı, ABB-nin müştərilərinin sayı 37 dəfə artaraq 967 759 nəfər təşkil edib.

Səhmdarların ümumi yığıncağında qəbul olunmuş digər qərarla Cahangir Hacıyev növbəti 4 illik müddət üçün ABB-nin İdarə Heyətinin sədri seçilib.

Xatırladaq ki, 1992-ci ildə yaradılan ABB Azərbaycan və Cənubi Qafqazın ən iri bank təşkilatıdır. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir, səhmlərin qalan 49,8%-i isə özəl fiziki və hüquqi şəxslərə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR