«Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları» mövzusunda elmi-praktik konfrans keçirilib

«Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları» mövzusunda elmi-praktik konfrans keçirilib
# 03 may 2013 14:17 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə (ƏMDK) «Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları» mövzusunda elmi-praktik konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, konfransın açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədri Kərəm Həsənov Azərbaycan iqtisadiyyatının inkişafı, mülkiyyət islahatları, azad sahibkarlar və mülkiyyətçilər təbəqəsinin formalaşması, siyasi və iqtisadi sabitlik haqqında danışıb.

Komitə sədri qeyd edib ki, H.Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nın icrası ölkədə struktur islahatlarının sürətləndirilməsinə və xüsusi sahibkarlığın təşəkkülünə təkan verib: «Ölkədə makroiqtisadi stabilliyin təmin edilməsi şəraitində dövlət başçısının irəli sürdüyü yeni vəzifələrə uyğun olaraq 2000-ci ildə dövlət əmlakının özəlləşdirilməsi barədə yeni Qanun qəbul edilib, həmin ilin avqust ayında isə ölkə prezidenti tərəfindən «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı» imzalanıb».

Bildirilib ki, xarici investorların özəlləşdirmədə iştirakı üçün əlverişli şəraitin yaradılması ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinin əsas səbəblərindən biri olub. Heydər Əliyevin müvafiq fərmanlarına uyğun olaraq dövlət əmlakının registrinin yaradılması və aparılmasının, icarəyə və istifadəyə verilməsinin mexanizmləri də müəyyən edilib: «Əmlak idarəçiliyi sahəsində islahatların digər mühüm istiqamətini daşınmaz əmlak kadastrı və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatının yeni sisteminin - Daşınmaz Əmlakın Dövlət Reyestrinin yaradılması olub».

Komitə sədri bildirib ki, Heydər Əliyevin rəhbərliyi zamanı başlanılan mülkiyyət islahatları prezident İlham Əliyev tərəfdən davam etdirilir. Bunun nəticəsində Azərbaycanda mülkiyyət münasibətlərində dəyişikliklər baş verib, eləcə də əmlaka sahibliyin yeni strukturunun formalaşıb.

Konfransın plenar sessiyasında Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, BMT-nin Avropa İqtisadi Komissiyasının səlahiyyətli nümayəndələri və Milli Məclisin deputatları çıxış etmişlər.

Elmi-praktik konfransda «Azərbaycanda mülkiyyət islahatları və özəlləşdirmə: sosial-iqtisadi nəticələr və inkişaf meylləri» və «Heydər Əliyev özəlləşdirmə strategiyasının iqtisadiyyata investisiyaların cəlb edilməsində rolu», eləcə də «Azərbaycanda daşınmaz əmlak idarəçiliyi məsələləri və beynəlxalq əməkdaşlıq» mövzusunda çıxışlar olub.

Konfransda Azərbaycanda mülkiyyət islahatlarının statistikası, özəlləşdirmə prosesində İKT və şəffaflıq mexanizmləri, mülkiyyət islahatlarının hüquqi məsələləri və s. mövzularda da çıxışlar və təqdimatlar olub, müzakirələr aparılıb.

Tədbirdə Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, digər dövlət idarə və təşkilatlarının səlahiyyətli nümayəndələri, BMT-nin Avropa İqtisadi Komissiyasının, Almaniya Federal Maliyyə Nazirliyinin, KfW Bankının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), digər beynəlxalq, həmçinin qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR