İtaliya mətbuatında prezident İlham Əliyevin AŞPA-dakı çıxışı və Xocalı soyqırımı barədə məqalə dərc edilib

İtaliya mətbuatında prezident İlham Əliyevin AŞPA-dakı çıxışı və Xocalı soyqırımı barədə məqalə dərc edilib
# 07 iyul 2014 12:19 (UTC +04:00)

Bakı - APA. İtaliyanın nüfuzlu “globalist.it” və “notiziegeopolitiche.net” portallarında Azərbaycan prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında çıxışı ilə bağlı geniş məqalə (http://www.globalist.it/Detail_News_Display?ID=60073&typeb=0, http://www.notiziegeopolitiche.net/?p=42291) dərc olunub.

APA-nın verdiyi məlumata görə, “Azərbaycan sülh, tolerantlıq və işğal olunmuş torpaqlar arasında” başlıqlı və “Prezident Əliyev Avropa Şurasında çıxış edir” yarımbaşlıqlı məqalədə qeyd edilir ki, prezident İlham Əliyev çıxışında həyata keçirilən islahatların Azərbaycan cəmiyyətində çox müsbət atmosfer yaratdığını və Azərbaycanda bütün əsas azadlıqlar tanındığını, siyasi fəaliyyətlə məşğul olmaq azadlığının olduğunu bildirib. Dövlət başçısı nəzərə çatdırıb ki, ölkədə yüzlərə siyasi təsisat və partiyalar, ifadə və mətbuat azadlıqları var.

Məqalədə vurğulanır ki, prezident İlham Əliyev çıxışının əksər hissəsində ölkəsinin insan haqları və dini tolerantlıq sahəsində gördüyü işlərdən danışıb. Müəllif xatırladır ki, Azərbaycan Beynəlxalq Tolerantlıq Günü münasibətilə 2013-cü ildə dünyanın 5 ən tolerant ölkəsi sırasında yer alıb; əhalisinin əksəriyyətinə görə müsəlman ölkəsi hesab olunmasına baxmayaraq burada digər dinlərə dinc münasibət (təqdir olunur) var. Prezident İlham Əliyev də vurğulayıb ki, dini azadlıq Azərbaycanın digər böyük müsbət tərəflərindəndir, multi-etnik və müxtəlif dinlərə mənsub insanların yaşadığı bir cəmiyyətik. Dövlət başçısı deyib ki, əsrlər boyu Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayıblar, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi müddətində multikulturalizm dəyərlərinə diqqət prioritetlərdən biri olaraq qalacaqdır.”

Müəllif məqalədə bu öhdəliyin aydın nümunəsini Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dünyanın mədəni irsi naminə çoxsaylı xeyriyyəçilik fəaliyyətində görməyin mümkün olduğunu nəzərə çatdırıb. Buna nümunə kimi Fondun ayırdığı maliyyə dəstəyi hesabına baxımsızlıqdan xilas edilən Romadakı Marçellinio və Pietro katakombalarının bərpasını göstərib.

Məqalədə bildirilir ki, çıxışında Dağlıq Qarabağ məsələsinə də toxunan prezident İlham Əliyev açıq şəkildə beynəlxalq ictimaiyyətə müraciət edib, Azərbaycanın üzləşdiyi ən böyük problemin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün pozulması olduğunu söyləyib. O, Azərbaycan və Ermənistan arasında olan münaqişə bütün regiona təhlükə yaratdığını bu münaqişə nəticəsində Azərbaycan ərazisinin beynəlxalq birlik tərəfindən tanınmış 20 faizinin işğal edildiyini, azərbaycanlıların erməni quldurları və ordusu tərəfindən etnik təmizlənməyə məruz qaldığını bəyan edib.

Məqalədə qeyd edilir ki, bununla Prezident Əliyev açıq şəkildə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş vermiş faciəvi soyqırımda 613 dinc sakinin, o cümlədən 106 qadının və 83 uşağın öldürülməsinə istinad edib.

Məqalədə qeyd edilir ki, prezident İlham Əliyev Azərbaycanda gender ayrı-seçkiliyinin olmadığını və 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikası zamanında qadınlara səsvermə hüququnun digər Avropa ölkələrindən daha tez verildiyini nəzərə çatdırıb: “Emosional çıxışda həmçinin Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə bağlı narazılıq ifadə olundu. Bu sözlərdən hiss olunurdu ki, xalqının dəstəyi və razılığı Prezidentdə qurur hiss yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR