Kiyev İncəsənətin İnkişafı Fondunun qalereyasında azərbaycanlı rəssam Rasim Seydimovun əsərlərinin sərgisi keçirilib

Kiyev İncəsənətin İnkişafı Fondunun qalereyasında azərbaycanlı rəssam Rasim Seydimovun əsərlərinin sərgisi keçirilib
# 02 avqust 2012 14:25 (UTC +04:00)
Bakı-APA. Kiyev İncəsənətin İnkişafı Fondunun qalereyasında azərbaycanlı rəssam Rasim Seydimovun əsərlərinin sərgisi keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçirilən sərginin açılış mərasimində çıxış edən Fondun direktoru Yuriy Kurilovskiy R. Seydimovun bu qalereyada bir neçə sərgisinin keçirildiyini və onun əsərlərinə hər zaman maraq olduğunu söyləyib.

Sərgidə çıxış edən Səfir Eynulla Mədətli Ukraynada yaşayan azərbaycanlıların hər sahədə olduğu kimi incəsənətdə də özünü göstərdiyini, Ukrayna Rəssamlar Milli Birliyinin üzvü Rasim Seydimov, Xalq Artisti Qurban Abbasov, Xalq rəssamı Seyfəddin Qurbanov kimi şəxslərin ölkəmizin mədəniyyət və incəsənətini layiqincə təmsil etmələrinin sevindirici olduğunu söyləyib.

Daha sonra tədbirdə Ukrayna Azərbaycanlıları Konqresinin Sədri Hikmət Cavadov, Ukrayna Azərbaycanlı Gəncləri Birliyinin Sədrinin müavini İlhamə Allahverdiyeva çıxış edərək əsərləri dəyərləndirib və rəssama uğurlar arzulayıblar.

Qeyd edək ki, Rasim Seydimov 1975-ci ildə Şəkidə anadan olub, Ukrayna Milli Rəssamlar Birliyinin üzvüdür. Rasim Seydimov "etno-modern" stilində əsərlər yaradır. Onun əsərləri Ukraynada və bir sıra ölkələrdə müxtəlif sərgi və tədbirlərdə nümayiş etdirilib. Rəssamın "Xocalıya Rekviyem" solo sərgi turu Kiyev, Xarkov, Dnepropetrovsk, Donetsk şəhərlərində uğurla nümayiş olunub. Rasim Seydimovun əsərləri Kiyev Müasir İncəsənət Muzeyində, Krivorizski muzeyində, Vladimir-Volinski tarixi muzeyində, Azərbaycan səfirliyində, Ukrayna, Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniyada şəxsi kolleksiyalarda saxlanılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR