Mübariz Mənsimov: “ Beynəlxalq İdman Arbitraj Məhkəməsində “Xəzər Lənkəran”nın xeyrinə çıxarılan qərarı hər kəs görəcək”

Mübariz Mənsimov: “ Beynəlxalq İdman Arbitraj Məhkəməsində “Xəzər Lənkəran”nın xeyrinə çıxarılan qərarı hər kəs görəcək”
# 21 aprel 2012 22:16 (UTC +04:00)
Bunu Apasport agentliyinə müsahibəsində “Xəzər Lənkəran” Futbol Klubunun fəxri-prezidenti, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov deyib.

Onun sözlərinə görə, cəzalandırma 2009-cu ildə komandasını buraxıb getmiş furbolçunun şikayəti ilə olub: “ Futbolçu klubu məhkəməyə verirsə, məhkəmə də iddiasını təmin edirsə, burada futbolçuda günah axtarmaq lazım deyil. Pulla cəzalandıra bilərdilər, artıq cəzalandırdılar da, pullarını aldılar, amma futbolçunun istəyi ilə 6 xalın silinməsi nə dərəcədə düzgündür?”.

M. Mənsimov deyib ki, şikayətçi olan futbolçunun Azərbaycana giriş və çıxış tarixi var: “O futbolçu əgər Premyer Liqada 30 görüş oynamalıdırsa, cəmi 20 matçda çıxış edib. Bundan sonra da oynamadığı qarşılaşmaların pullarını bizdən tələb edir. Bunu FİFA da, AFFA da, - “Xəzər Lənkəran” Futbol Klubu kimi isbat etməli idilər. Bu bizim hüquq tərəfimizin, ümumiyyətlə, Azərbaycanda hələ də peşəkar futbol olmamağını təsdiq edir”.

M. Mənsimov deyib ki, indiyə qədər futbolçunun pulunu ödəmədiyinə görə klubdan xal silinməsi faktı olmayıb: “Belə şey yoxdur, ola da bilməz. Futbolçu haqlı tərəf hesab oluna bilər, yəni klubdan müəyyən qədər pul tələb oluna bilər, bu, normaldı. Bəs xallar niyə silinsin? Özü də çempionluğa oynayan bir komandanın”.

M. Mənsimov FİFA-nın qərarını birtərəfli hesab edib: “Xəzər Lənkəran” Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib, orada da klubun xeyrinə çıxarılan qərarı hər kəs görəcək”.

M. Mənsimov sahibi olduğu klubun Azərbaycanda ən böyük tərəfdar kütləsi olduğunu bildirib: “Qəbul etsəniz də, etməsəniz də, “Xəzər Lənkəran”ın hər yerdə, Azərbaycanın bütün bölgələrində və hətta ölkənin hüdudları kənarında da tərəfdarları var. Dünənəcən hamı digər klubu Azərbaycan futbolunun flaqmanı hesab edirdi, bu gün isə bu, “Xəzər Lənkəran”dır”.

M. Mənsimov “Beşiktaş”ın tərəfdarı və sponsorlarından biri olduğunu deyib: ““Beşiktaş”ı çox sevirəm. Bilirəm, bəziləri yazırlar ki, Mübariz Mənsimov “Beşiktaş”ın başqanı olmaq istəyir. Mübariz heç bir klubun başqanı olmaq istəmir. Mənim başqan olduğum bir yer var, o da “Palmali” Şirkətlər Qrupudu. Ömrümün sonuna qədər də məhz bu şirkətin başqanlığını həyata keçirmək istəyirəm, başqa heç nə mənə lazım deyil. Yəni, bunlar hamısı yalan söhbətlərdi. “Beşiktaş”lıyam, o klubu çox sevirəm və hər zaman dəstək olacam. Ancaq klubu almağımla bağlı xəbərlər yalandı. “Beşiktaş” satılan klub deyil”.

“Xəzər Lənkəran”nın mövsüm ərzində 3 dəfə baş məşqçi dəyişdirməsinin normal olduğunu deyən M. Mənsimov klubunda demokratik sistemin işlədiyini vurğulayıb: “Mən təkcə “Xəzər Lənkəran”ın fəxri-prezidenti yox, ilk növbədə klubun sahibiyəm. Bu klubun yaradılmasında da məqsəd Azərbaycana, Azərbaycanın dövlət başçısının siyasətinə, bu ölkənin idmanının inkişafına dəstək verməkdir. Başqa bir şey yoxdur. Bu, Azərbaycanda, xüsusilə, ölkənin cənub bölgəsində yaşayan gənclərin dinamik, sağlam və layiqli həyat yaşaması üçün yaradılan klubdur”.

M. Mənsimov klubunun bu il üçün çempionluq şansını itirməsindən xüsusi narahatlıq keçirmədiyini bildirib və bunu ““Xəzər Lənkəran” 2012-ci ildə çempion olacaq, yaxud Avrokuboklara gedəcək” – bu mentalitetlə yaradılmış klub deyil” deyə ifadə edib.

Klub sahibi gələcək də transferləri olacağını bildirib: “Kim yaxşı futbol oynayırsa, onu “Xəzər Lənkəran” gətirəcək. “Xəzər Lənkəran” özü özü ilə yarışıcaq. Başqa rəqib görmürəm”.

M. Mənsimov komandasının Lənkəranda “Neftçi” ilə oyununu izləməyəcəyini bildirib: “Son zamanlar bu oyunları izləmirəm. İdmanı izləmək üçün ondan zövq almaq lazımdır”.

“Neftçi”nin Azərbaycanın futbol tarixində mühüm yer tutduğunu deyən Mübariz Mənsimov “Mənim atam “Neftçi” tərəfdarı idi, biz özümüz elə uşaqlıqda ancaq “Neftçi”ni bilirdik, başqa komanda yox idi. Ancaq bu gün sevinirəm ki, “Neftçi”yə rəqib yaratdıq, bunu biz yaratdıq. “Xəzər Lənkəran”la “Neftçi” oynayırsa, deməli, əməyimiz boşuna getməyib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR