Azərbaycan-Amerika Alyansı təqaüd proqramı elan edib

Azərbaycan-Amerika Alyansı təqaüd proqramı elan edib
# 23 avqust 2012 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il yaradılmış və əsas məqsədi Amerikada Azərbaycan dəyərlərini təmsil etmək, həmçinin Amerika və Azərbaycan arasında mədəni, siyasi əlaqələri inkişaf etdirməyi qarşısına prioritet məsələ qoyan Azərbaycan-Amerika Alyansı (AAA) növbəti layihəsinə start verib.

Alyansdan «APA-Economics»ə verilən məlumata görə, təşkilat tələbə təqaüd proqramı üçün ərizə qəbuluna başlayıb. Azərbaycan-Amerika Alyansı QHT tərəfindən təsis edilən tələbə təqaüdü Azərbaycan, həmçinin Azərbaycan-Amerika tədris müəssisələrini bitirmiş, bakalavr dərəcəsi almış tələbələrlə yanaşı, ali tədris müəssisələrində təhsil alan tələbələrə şamil olunur. Təqaüdün əsas məqsədi tələbələrin ABŞ-da həyata keçirilən təhsil proqramlarında iştirakını təmin və təşviq etməkdir. Təqaüdün verilməsində əsas məqsədlərdən biri də son illər Azərbaycan və Amerika tələbələri arasında inkişaf etməkdə olan mədəni və əməkdaşlıq əlaqələrinin artırılmasına, mədəniyyətlərarası münasibətlərin formalaşmasına sürətli təkan verməkdir. «Məhz bu baxımdan Alyans hesab edir ki, lazımi maliyyə dəstəyi göstərməklə seçilmiş tələbələrin ABŞ-da təhsillərini davam etdirməsinə şərait yaradacaq. Təsis edilmiş təqaüdün uğurla istifadəsi tələbələrə kollektiv münasibətlərin qurulmasında, cəmiyyətdə aktiv ictimai fəaliyyətlə məşğul olmalarında, onların təhsildə yaxından iştirakına və təhsildə irəliləməsinə geniş imkanlar yaradacaq. Alyans tərəfindən təsis edilən təqaüdün ümumi məbləği maliyyə ehtiyaclarından, tələbənin seçdiyi proqramdan, proqramın müddətindən və təhsil müəssisəsinin yerləşdiyi ərazidən asılı olaraq dəyişə bilər», - deyə Alyansın məlumatında bildirilir.

Qeyd edək ki, Azərbaycan-Amerika Alyansının təsis etdiyi təqaüd proqramına qoşulmaq və müvafiq ərizə formasını doldurmaq üçün www.azerbaijanamericaalliance.org linkə daxil olmaq lazımdır. Ərizə və müraciətlərin qəbulu sentyabrın 21-də başa çatır.

Xatırladaq ki, bu, təşkilatın ilk layihəsi deyil. AAA fəaliyyəti dövründə Azərbaycanın tanıdılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra layihələr həyata keçirib.
Sonuncu belə aksiyalardan biri ABŞ-da Xocalı soyqırımının tanıtım kampaniyası olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR