Bank Of Baku

Şair Səməd Mənsurun barelyefinin açılışı olub

Şair Səməd Mənsurun barelyefinin açılışı olub
# 01 mart 2010 14:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Bu gün Suraxanı rayonu Əmircan qəsəbəsində tanınmış şair Səməd Mənsurun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə hazırlanan barelyefinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, xatirə lövhəsi şairin Əmircan qəsəbəsindəki yaşadığı evin binasının üzərinə vurulub. Barelyefin açılış mərasimində çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bu hadisənin çox əlamətdar olduğunu diqqətə çatdırıb: “Çox sevindirici haldır ki, Sovet dövründə şeirlərinin çapına qadağa qoyulmuş, unudulmuş Azərbaycan xadiminin irsi xalqa qaytarıldı. Bunun üçün biz bütün rayon əhli, Əmircan camaatı ölkə rəhbərliyinə təşəkkürümüzü bildiririk. Məhz dövlət başçısının imzaladığı sərəncamla onun kitabı nəşr olundu, eləcə də burada xatirə lövhəsi hazırlandı. Azərbaycan mədəniyyətində öz izini qoymuş Səttar Bəhlulzadə də bu torpağın yetişdirməsidir. Səməd Mənsur da unudulmaz xadimlər sırasındadır”. Barelyefin müəllifi tanınmış heykəltəraş Zeynalabdin İskəndərovdur.

Açılış mərasimi daha sonra Suraxanı rayonu Heydər Əliyev adına Mədəniyyət Mərkəzində bədii proqramı ilə davam etdirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairi Nəriman Həsənzadə, filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə Səməd Mənsur yaradıcılığına nəzər salıblar. Bədii proqramda xalq artistləri Laləzar Mustafayeva, İlham Əsgərov, Əli Nur Səməd Mənsurun şeirlərini ifa ediblər. Gənc muğam ifaçıları Gülay Qədirova, Vüsal Zamanov, Abgül Mirzəliyev, Arzu Əliyeva isə tədbir iştirakçıları qarşısında Azərbaycan muğam və xalq mahnıları ilə çıxış ediblər.

Səməd Mənsurun ailə üzvləri adından mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə başçısına, tədbir iştirakçılarına göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR