Bank Of Baku

Göyçayda xalq şairi Rəsul Rzanın ev muzeyi istifadəyə verilib

Göyçayda xalq şairi Rəsul Rzanın ev muzeyi istifadəyə verilib
# 14 may 2010 14:00 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Xalq şairi Rəsul Rzanın Göyçay şəhərindəki Ev muzeyi əsaslı təmirdən sonra istifadəyə verilib. APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, xalq şairi Fikrət Qoca Ev muzeyinin açılışı münasibətilə bütün ədəbiyyat sevərləri təbrik ediblər. Rəsul Rza yaradıcılığından, xalq şairinin həyat və fəaliyyətindən bəhs edən natiqlər şairin xatirəsinin əbədiləşdirilməsi üçün doğulduğu Göyçay şəhərində ev muzeyinin fəaliyyət göstərdiyini, orta məktəblərdən və küçələrdən birinə onun adının verildiyini, büstünün qoyulduğunu diqqətə çatdırıblar.
Əsaslı təmirdən sonra istifadəyə verilən muzeydə 700-ə yaxın eksponat, eləcə də xalq şairinin foto şəkilləri və rəsm əsərləri, kitabları, diplom və mükafatları, onun şəxsi əşyalarından tar, ov tüfəngi, piano, çap makinası, qəlyan, eynək qorunur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzeyin 18 may-Beynəlxalq Muzeylər Günü ərəfəsində istifadəyə verilməsini əlamətdar hadisə hesab edib.
Tədbirdə nazir Əbülfəs Qarayevə, rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədova, ev muzeyinin direktoru Solmaz Həsənovaya, rejissor Əhliman Qafarova və heykəltaraş Azad Zeynalova Beynəlxalq Rəsul Rza mükafatı təqdim olunub.
Çıxışlardan sonra rəmzi qırmızı lent kəsilib və ev muzeyi ilə tanışlıq olub. Rəsul Rzanın ev muzeyində şair və yazıçıların yubley tədbirlərinin, gənc yazarlarla görüşlərin, məktəblilərə ədəbiyyat dərslərinin keçirilməsi üçün şərait yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR