Bank Of Baku

II Milli Kitab Mükafatı layihəsinə start verilib – FOTO

II Milli Kitab Mükafatı layihəsinə start verilib – <font color=red>FOTO </font>
# 25 noyabr 2010 13:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Atatürk Mərkəzində Milli Kitab Mükafatının (MKM) növbəti seçimləri ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən MKM-in təsisçisi Nigar Köçərli ikinci dəfə keçiriləcək MKM-in ana məramının dəyişmədiyini bildirib. N. Köçərli qeyd edib ki, növbəti MKM layihəsi zamanı da milli ədəbiyyatımız üçün inci hesab edilən ədəbi əsərlər yarada biləcək müasir müəlliflərin oxucular üçün kəşf edilməsi və stimullaşdırılmasına çalışacaqlar. Növbəti MKM-in baş sponsoru “Bakcell” şirkəti, sponsorları “Unibank” ASC və “Əli və Nino” Nəşriyyat Evidir. Bundan başqa, Amerikanın Azərbaycandakı səfirliyi də layihəyə dəstək verir. Nigar Köçərli çıxışında onu da deyib ki, ilk müsabiqədən fərqli olaraq, bu dəfə münsiflər heyətinin sırası genişlənib. Belə ki, mükafatın münsiflər heyətinə Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, “Oskar” mükafatı laureatı, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, xalq şairi Vagif Səmədoğlu, millət vəkili, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə daxil edilib: “MKM-in qaydalarında ciddi dəyişikliklər baş verməyib. Əsərlər yanvarın 10-dək MKM-ə elektron və ya poçt vasitəsi ilə çatdırılmalıdır. Martın 20-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət “longlist” (uzun siyası), martın 27-də isə 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün münsiflər heyətinə təqdim olunacaq. May ayının 31-də isə mükafatın qalibləri elan olunacaq. Ötən il olduğu kimi, bu il də 1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq”. Nigar Köçərli eyni zamanda bildirib ki, əsas yenilik müsabiqə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq ingilis dilindən ən yaxşı ədəbi tərcüməyə görə mükafatın təsis edilməsidir.

Tədbirdə çıxış edən “Bakcell”in baş icraçı direktoru İneke Botter, eləcə də “Unibank” ASC İdarə Marketinq meneceri Ramin Vəliyev belə bir layihəyə dəstək verdiklərindən məmnun olduqlarını dilə gətiriblər. ABŞ Səfirliyinin ictimai əlaqələr üzrə şöbənin rəhbəri Terri Devidson uzun illərdir ki, səfirliyin maraqlı Amerika kitablarının Azərbaycan dilinə tərcüməsinə dəstək verdiyini diqqətə çatdırıb: “Biz inanırıq ki, ölkənin inkişafı üçün kitab oxumaq mədəniyyətini gücləndirmək lazımdır. Təhsil demokratik inkişafın özülüdür, kitab oxumaq isə təhsilin özülüdür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR