Bank Of Baku

ABŞ-da fəaliyyət göstərən “Azerbaijan İnternational” jurnalının yeni sayı “Əli və Nino” romanına həsr olunub

ABŞ-da fəaliyyət göstərən “Azerbaijan İnternational” jurnalının yeni sayı “Əli və Nino” romanına həsr olunub
# 03 dekabr 2010 12:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) 1993-cü ildən ABŞ-da fəaliyyət göstərən “Azerbaijan İnternational” jurnalının növbəti nömrəsinin təqdimat mərasi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AYB sədri, xalq yazıçısı Anar ilk dəfə Azərbaycan dilində nəşr edilən jurnalın bu sayının dünyaca məşhur “Əli və Nino” romanına həsr olunduğunu deyib. O bildirib ki, jurnalın baş redaktoru Betti Bleyerin tədqiqatı Qurban Səid təxəllüsü ilə qələmə alınan romanın müəllifinin həqiqi kimliyinə yeni faktlarla işıq salıb. Jurnalın bu sayı “Azərbaycanın ən məşhur romanının müəllifi kimdir?” adı altında çap olunub.

Tədbirdə iştirak edən Betti Bleyer deyib ki, jurnalın məhz bu nömrəsində yer alan və son altı ildə aparılan tədqiqat təkcə Azərbaycanda deyil, eyni zamanda Tiflis, Vyana, İstanbul və Amerika Birləşmiş Ştatlarında da aparılıb. Los- Ancelesdə yerləşən Kaliforniya Universitetinin (UCLA) geniş kitab kolleksiyasının isə tədqiqatın aparılmasında əvəzsiz xidməti olub: “Tədqiqatda 10 dildə – Azərbaycan, rus, ingilis, alman, fransız, italyan, türk, fars, gürcü və isveç dillərində olan sənədlərdən istifadə edilib. “Əli və Nino” əsəri ilk dəfə 1937-ci ildə Vyanada alman dilində Verlaq tərəfindən nəşr edilib və indiyədək dünyanın 33 dilində 100-ə yaxın nəşri mövcuddur. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilib. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin, amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olduğunu iddia edirdi. Hətta Lev Nissembaumun müsəlman kimi doğulduğu, əsl adının Məhəmməd Əsəd bəy olduğu da iddia olunurdu. Lakin tədqiqatlar və uzlaşmalar əsərin Yusif Vəzir Çəmənzəminliyə aid olduğunu göstərsə də, romanın ətrafında dolaşan fikirlər hələ də davam edir”. Jurnal redaktoru qeyd edib ki, “Azerbaijan İnternational” jurnalı yaxın gələcəkdə Ali-Nino.com yeni saytı da təsis edəcək və jurnalın bütün materialları o ünvanda yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR