Bank Of Baku

"Cavidnamə" kitabının təqdimat mərasimi keçirilib

"Cavidnamə" kitabının təqdimat mərasimi keçirilib
# 24 dekabr 2010 15:07 (UTC +04:00)
Bakı-APA. Fəlsəfə doktoru Azər Turanın “Cavidnamə” kitabının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, xalq şairi Zəlimxan Yaqub çıxışında bildirib ki, "Cavidnamə" əsərində təkcə Hüseyn Cavidin yaradıcılığı deyil, onu yetirən zəngin mühitlə tanışlıq əks olunub: “Hüseyn Cavidin həyatında İstanbul mühiti olmasaydı, bəlkə də "İblis", "Şeyx Sənan", "Peyğəmbər" kimi əsərlər yaranmazdı". O qeyd edib ki, Azər Turan Hüseyn Cavid həyatını dərindən öyrənib, o, Cavid vurğunudur.
Kitabın məsləhətçisi, millət vəkili Qənirə Paşayeva bildirib ki, Hüseyn Cavid haqqında çox kitablar yazılıb, lakin "Cavidnamə" öz dolğunluğu və geniş faktlarla zənginliyi ilə fərqlənir. Onun sözlərinə görə, "Cavidnamə" kitabının uğurlu alınmasının səbəblərindən biri müəllif Azər Turanın Hüseyn Cavid düşüncəsinin və ruhunun insanı olmasıdır
Professor Nizaməddin Şəmsizadə təqdimat zamanı çıxışında bildirib ki, Hüseyn Cavid ömrü yarıda qırılsa da, onun yaradıcılığı həm XX, həm XXI əsrdə yaşayır: "Azərbaycan istiqlaliyyəti dövrünü öyrənmək üçün Hüseyn Cavidə daha çox müraciət olunmalıdır. "Cavidnamə" Hüseyn Cavid haqqında yazılan kitabları tamamlayan bir əsərdir".
Millət vəkili Fazil Mustafa bildirib ki, Hüseyn Cavid özünü zamana, cəmiyyətin qlobal problemlərinə həsr etmiş şair olub: “Hüseyn Cavidi dünya arenasına Azərbaycanın dəyəri kimi çıxarmaq olar”.

Tədbirdə qeyd olunub ki, "Cavidnamə" Azər Turanın Cavidşünaslıq sahəsində nəşr etdiyi ilk kitab deyil. Bundan əvvəl müəllifin "Hüsni-xuda şairi", "Əbədi Turan", "Cavid əfəndi", "Hüseyn Cavid", "Turan Cavidin son söhbəti, son yaşantıları, son günü", "Tahir Rasizadə" kitabları çap olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR