Bank Of Baku

Füzulinin “Hədiqətüş-şühəda” əsəri macar dilində nəşr olunub

Füzulinin “Hədiqətüş-şühəda” əsəri macar dilində nəşr olunub
# 09 iyun 2011 10:32 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və yardımı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Hədiqətüş-şühəda” əsəri Macarıstan Elmlər Akademiyasının “Akaprint Kiado” nəşriyyatında nəfis şəkildə nəşr olunub. Səfirlikdən APA-ya verilən xəbərə görə, macar dilində “İslamın müqəddəs şəhidlərinin bağçası” adı ilə işıq üzü görən əsəri orijinaldan tanınmış türkoloq-alim, professor İmre Adorian çevirib.

Macar alimi eyni zamanda kitaba ön söz və şərhlər də yazıb. O, Füzulinin zəngin irsindən məhz “Həditəqüş-şühəda” əsərinə müraciətini bu poemanın yüksək bədii məziyyətləri və humanist qayəsi ilə əsaslandırıb. Tərcüməçinin fikrincə, Füzuli islam müqəddəslərinin həyatına onların din uğrunda mübarizəsindən daha çox insani dəyərlərə böyük önəm verdiklərinə görə üz tutub və bu mənada orta əsrlər Avropa humanistlərinin bir çoxunu qabaqlayıb.

Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Teymur Kərimli kitaba Füzuli yaradıcılığının ümumbəşəri mahiyyətindən bəhs edən müqəddimə yazıb. Yaxın günlərdə Macarıstan EA-da kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR