Bank Of Baku

Elçin Əfəndiyev: “Biz hələ kitabın mahiyyətini dərk etmək dərəcəsində kitabın təbliği ilə məşğul olmamışıq”

Elçin Əfəndiyev: “Biz hələ kitabın mahiyyətini dərk etmək dərəcəsində kitabın təbliği ilə məşğul olmamışıq”
# 28 sentyabr 2011 09:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Düşünürəm ki, biz hələ kitabın mahiyyətini dərk etmək dərəcəsində kitabın təbliği ilə məşğul olmamışıq. Bu hal isə bu gün kitaba olan həvəsin istədiyimiz səviyyədə olmamasına gətirib çıxarıb. Bu, son dərəcə ciddi bir məsələdir”. APA-nın məlumatına bu açıqlamanı jurnalistlərə II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində iştirak edən baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev deyib. O, hazırda kitaba həvəsin daha az olmasının səbəblərini də açıqlayıb: “Çox vaxt deyirlər ki, əvvəllər kitaba həvəs daha çox idi, indi isə az oxuyurlar. Sözsüz ki, bunun da səbəbləri var. Bir tərəfdən əlbəttə ki, elmi-texniki inkişaf çox ciddi rol oynayır. Digər tərəfdən isə böyük bir imperiya çökdü və o imperiya çökdükdə həm siyasətdə, həm ictimai, həm də mədəni həyatda böyük bir kataklizm əmələ gəldi və bunun böyük zərbələrindən biri də məhz mədəniyyətə və mədəniyyətin başlanğıcı olan kitaba dəydi. Ona görə də mənim üçün son dərəcə xoşdur ki, getdikcə kitaba hörmət artır və kitabın nüfuzu qalxır”.

Kitabın savad və bilik olduğunu söyləyən Elçin, kitabın eyni zamanda mənəviyyatın təbliği, problemlərin həlli olduğunu vurğulayıb: “Bu siyahını çox uzatmaq olar. Ona görə də bugünkü kitab-yarmarka sərgisini böyük bir kitab bayramı hesab edirəm. Kitab bayramı isə mənim aləmimdə xalqın bayramıdır. Kitabla xalq arasında son dərəcə böyük, ikitərəfli mənəvi körpü var”.

Kitab sərgi-yarmarkasında Azərbaycan ədəbiyyatının çox gözəl nümunələrinin ictimaiyyətə təqdim olunduğunu diqqətə çatdıran xalq yazıçısı, bunu böyük hadisə adlandırıb: “Bu gün oxuduqlarımızla cəmiyyətdəki proseslərin üst-üstə düşməməsinə gəlincə, nə qədər ki, kitab yaranıb, o zamandan bu hadisə baş verir. Bu, kitabın tarixi boyu olan bir hadisədir. İstərdim ki, Azərbaycan oxucusu ikitərəfli mütaliəyə malik olsun. Bir tərəfdən öz milli, folklor, müasir, klassik ədəbiyyatımızı oxusun, digər tərəfdən isə dünya ədəbiyyatını, klassiklərini, müasir yazıçılarını oxuyub öyrənsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR