Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinin nümayəndə heyəti İsraildə səfərdə olub

Azərbaycan Yazıçılar Birliyinin nümayəndə heyəti İsraildə səfərdə olub
# 18 noyabr 2011 10:50 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 13-dən 17-nə kimi İsraildə səfərdə olub. “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin APA-ya verdiyi məlumata görə, İsrail Yazıçılar Birliyinin dəvəti ilə gerçəkləşən səfərə bu ölkənin Xarici İşlər Nazirliyi dəstək verib.

Azərbaycanlı yazıçılar Tel-Əviv, Qüds və Hayfa kimi böyük şəhərlərə səfər edib, bu şəhərlərin görməli yerləri, muzeyləri və memarlıq abidələri ilə tanış olublar, həmkarları ilə silsilə görüşlər keçiriblər. Görüşlər zamanı Azərbaycan yazıçılarının İsrail səfəri tarixi hadisə adlandırılıb, iki ölkə arasında ədəbi əlaqələrin inkişafı, əsərlərin qarşılıqlı tərcüməsi və nəşri qərara alınıb.

Bir müddət əvvəl İsrail yazıçılarının hekayələrindən ibarət toplunun Azərbaycanda nəşr olunub yayımlanması da görüşlər zamanı vurğulanıb. Azərbaycandan və postsovet məkanından İsrailə köçmüş yaradıcı şəxslərlə görüş zamanı bu ölkədə Azərbaycan Yazıçılar Birliyinin filialının yaradılması təklifi irəli sürülüb. Azərbaycan tərəfinin bu təklifi böyük maraqla qarşılanıb.

Səfərdə AYB sədrinin birinci müavini, xalq şairi Fikrət Qoca, Ədəbiyyat Fondunun sədri Nazim İbrahimov, “Azərnəşr”in direktoru Azər Mustafazadə, “Ölkəm” və “Pəncərə” dərgilərinin baş redaktoru Günel Anarqızı və “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR