Bank Of Baku

Xalq yazıçısı Əli Vəliyevin 110 illiyi qeyd edilib

Xalq yazıçısı Əli Vəliyevin 110 illiyi qeyd edilib
# 27 dekabr 2011 09:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 110 illiyi qeyd edilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir yazıçının həyat və yaradıcılığına həsr edilmiş videomaterialın nümayişi ilə başlayıb. Gecədə baş nazirin müavini Elçin, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də iştirak edib.

Milli Məclisin deputatları Nizami Cəfərov, Sabir Rüstəmxanlı, Aqil Abbas, professorlar Nizaməddin Şəmsizadə, Qulu Məhərrəmli, yazıçı-publisist Flora Xəlilzadə, ədəbiyyatşünas Şirindil Alışanov və başqaları Əli Vəliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olduğunu vurğulayıblar. Çıxışçılar bildiriblər ki, Əli Vəliyev yazıçı kimi Azərbaycan ədəbiyyatına maraqlı mövzular gətirib, nəsrimizi sanballı əsərlərlə zənginləşdirib. O, “Nənəmin cəhrəsi”, “Madarın dastanı”, “Qarlı dağlar”, “Qəhrəman”, “Sovqat”, “Gülşən”, “Çiçəkli”, “Ürək dostları”, “Zamanın ulduzları”, “Turaclıya gedən yol”, “Anaqız”, “Bir cüt ulduz”, “Samovar tüstülənir”, “Durna qatarı”, “Qarabağda qalan izlər”, “Zəngəzur qartalları”, “İşığa doğru” və oxucular tərəfindən sevilən digər kitabların müəllifidir.

Gecədə çıxış edənlər 1983-cü ildə dünyasını dəyişmiş Əli Vəliyevlə bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, Ə. Vəliyevin dünyasını vaxtsız dəyişmiş oğlu Məsud istedadlı tənqidçi idi, ədəbi tənqiddə sərt və obyektiv yazı müəllifi kimi ad qazanmışdı. Nəvəsi Afaq Məsud tanınmış yazıçı və dramaturqdur.

Yubiley mərasimində Ə. Vəliyevin əsərlərindən parçalar səsləndirilib, tanınmış xanəndələrin ifasında bir-birindən maraqlı musiqi nümunələri ifa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR