"Sözün yeddi rəngi" - Fidan Ələkbərlinin şahzadələrə layiq nağılları - FOTO

"Sözün yeddi rəngi" - Fidan Ələkbərlinin şahzadələrə layiq nağılları - FOTO
# 14 sentyabr 2023 14:34 (UTC +04:00)

Fəsillərin ən barlı-bəhrəli mövsümü sayılan payızın özünü yetirdiyi ərəfədə gənc yazar Fidan Ələkbərlinin uğurlu yaradıcılıq işi – “Yeddi xanım şahzadə” adlı illüstrasiyalı kitabı yüksək poliqrafik və bədii tərtibatla işıq üzü görüb.

Əlbəttə, yaradıcılıq sahəsi nə bostan tarlasıdı, nə də alma bağı. Amma, bar-bəhər anlayışının estetik yozumunun olduğu da bəllidir. Bəlli olan digər bir məsələ isə budur ki, təcrübəli yazarların, eyni zamanda incəsənətin digər bölümlərində çalışanların etirafına görə təsadüfənmi, yaxud vaxtın ilhamverici abu-havasının təsirindənmi həmin yaradıcı insanlarınkəmiyyət və keyfiyyət baxımından bir çox dəyərli əsərlərinin təvəllüd tarixi payıza düşür.

“Yeddi xanım şahzadə”nin meydana çıxması isə onu göstərir ki, payız öz töhvəsini yaşa, sənətkarlığın püxtə, yaxud kövrək olmasına baxmadan əta eləyir. Belə əminliyin qaynağı nədir? Axı, Fidan çox gəncdir, əslində yeddi nağıl gənc ədibin ilk qələm təcrübəsi sayılmalıdır. Lakin, kitabın canını, estetik mahiyyətini təmin edən ədəbi mətnin bədii səviyyəsi elə dərəcədədir ki, müəllifin güman ki, “nağıllara” qədərki yazılarını ümumiyyətlə üzə çıxarmamağa qərar verdiyi barədə düşünmək ehtimalı yaranır.

Nəşrindən az sonra kitabın Bakı Kitab Evində keçirilən təqdimat mərasiminə toplaşanların gənc müəllifin yaradıcı əməyinə nəzərəçarpan, gözlənildiyindən də artıq marağını əsassız qətiyyən saymaq olmaz.

Bu yığcam, bir növ, biblioqrafik qeydlərdə Fidan Ələkbərlinin yaradıcılığının estetik, ədəbi-bədii xüssusiyyətləri barədə ətraflı söz açmaq, təhlillər aparmaq niyyəti hədəf deyil. Bununla belə, sözügedən nağıllarla ilgili peşəkar təhlillərin aparılacağı gözləniləndir. Çox güman ki, “Yeddi xanım şahzadə” uşaqlar, yeniyetmələr və gənclərin həyatından bəhs edən əsərləri araşdırmaların, ədəbiyyat tənqidçilərinin diqqətini çəkəcək və onlar kitab haqqında ətraflı söz açacaqlar.

“Yeddi xanım şahzadə”nin uğurunu təmin edən təməl şərtlərin, məxsusi amillərin bəri başdan dilə gətirilməsində də fayda var.

Yəqin ki, oxucular müşahidə edirlər, on-onbeş ildən, bəlkə də daha çox illərdən bəri uşaq ədəbiyyatının yaradılması sahəsindəki boşluq, ən azı kasadlıq barədə giley və şikayətlər səngimək bilmir. İndi isə gənc bir qələm sahibinin kifayət qədər ciddi nağıl kitabı meydana qoyulub. “Yeddi xanım şahzadə”sanki çoxdan bəri havadan asılı qalan əhəmiyyətli çağırışa cavabdır, yaxud cavablardan biridir; həm də tutarlı cavab! Bəli, F.Ələkbərlinin nağılları deyilən, görünən boşluğu bəlli bir dərəcədə doldurur, çağdaş nağıl yaradıcılığına yeni rənglər, fərdi müəllif çalarlarıəlavə edir.

Kitabın uğurlu uçuşuna qol-qanad verən ikinciamil, əslinə qalanda birinci və ən əsas şərt də budur, nağılların hər birinin dolğun ifadə olunmuş estetik qayəsi ilə, başqa sözlə, yetərli ədəbi-bədii səviyyə əlaqədardır.

Respublikanın Əməkdar rəssamı Nüsrət Süleymanoğlunun nağıllar əsasında çəkdiyi bir yandan real, digər tərəfdən əfsanəvi ovqata malik illüstrasiyaların təsiri ilə yaranan vizuallığı kitabın estetik dəyərini müəyyənləşdirən üçüncü şərt hesab edənlər var, şübhəsiz ki, onlar da haqlıdırlar.

Uğurlu debütün dördüncü şərti müəllifin mövzuya orjinal, bəlkə də qeyri-səlis yanaşma tərzindən qaynaqlanır. Nə nəzərdə tutulur? Əslində söhbət ədəbi folklor ənənəsi ilə müasir nəsr yaradıcılığından gələn novatorluğun gözə görünməyən, sadəcə, bədii şəkildə ifadə olunan əlaqəsindən gedir. Hələ baxın, nağılların qəhrəmanları keçmişin, hardasa mifoloji mühitin içində ola-ola, çağdaş etno- davranışlar nümayiş etdirir, kafedə nahar edir, digər bir elit guşədə mürəbbəli çay içir, şokoladlı dondurma yeyirlər...

Oxucunu təsir dairəsində saxlayan bütün bu bədii-estetik amillər sonuncu bir şərt daxilində, rəvan, yüyürək nağıl dilinin, intellektual-bədii ifadə tərzinin, bir sözlə, fərdi nağılçı üslubunun çətiri altında birləşib uğurlu yekun yaradır.

“Hər əsər, hələ bu azdır, hansısa bir sənətkarın hətta bütün yaradıcılığı hər kəlməsində, hərflərində, nöqtə-vergülləridə həyati və bədii təfsilatı hifz edənmükəmməl bir cümlədir “– deyimində də həqiqət payı var. “Yeddi xanım şahzadə” sonucda arzuolunan həmin hədəf cümləyə çevrilmək enerjisinə malik əsərdir. Üstəlik, kitabın bədii rəmzləri də aşkardır. Nədir bu rəmzlər? Əlbəttə ki, vaxt, rəng, rəqəm və hər hansı bir çətinliyə, əngələ baxmayaraq bütün hallarda Şərüzərində qələbə çalan Xeyiri təcəssüm edən, daxilən və zahirən mükəmməl İnsan obrazı...

Azərbaycan xalqının etnik mifoloji düşüncəsindəyeddi sayı çoxçalarlı, çoxadlıdır - görk üçün sıralama: yeddi rəng, yeddi ilmə, yeddi gözəl, yeddi bacı, yeddi qardaş, yeddi təpə, göyün yeddinci qatı, yeddi başlı əjdəha, Novruz bayramında süfrəyə düzülməsi vacibyeddi löyün – yeddi növ çərəz-nemət, nəhayət silsiləvi yeddi – 7777 Koroğlu dəlisi! Fidan Ələkbərli öz əsərində yeddi rəmzin bir qismindən yararlanaraq yeddi şahzadə, yeddi rəng, yeddi məkan, göyün yeddinci qatının timsalında vahid bədii məzmun daşıyicisı olan komponentləri bir qələmdə cəmləşdirməyə nail olub. Təbii ki, həssas oxucular nağılların qalıcı təsirindən, təravətindən çıxış edərək müəllifin yaradıcılığının məhz fərdi düşüncəyə bağlı kodlarını da sezə bilirlər.

Və şübhəsiz ki, bunun ardınca oxucular nağılların təsiri altında, fərdi düşüncə pəncərəsindən baxaraq müəllifin yaradıcılığının digər rəmz çalarlarını da üzəçıxarıb etiraf etmək imkanına malik olacaqlar.

Yekun olaraq deyilməlidir ki, “Yeddi xanım şahzadə” kitabını oxuduqca həm milli ədəbi qaynaqların təsirini, həm bəşəri mifologiyanın ruhunu, həm də klassik və çağdaş dünya nəsrinin abu-havasını hiss etməmək qeyri mümkündür. Elə bu keyfiyyət göstəricisinin özü, yəni mütaliə dairəsinin miqyası da gənc yazıçının gələcək uğurlarına təminat verir.

Qonaqlar arasında Xalq artisti Lyudmila Duxovnaya, Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, Əməkdar rəssam İrina Eldar qızı, vokalist Qasım Xəlilov və Bakı Slavyan Universitetin professoru Flora Nacı həmin tədbirdə iştirak ediblər.

Tədbiri aparan Natella Kərimova kitab müəllifinin yaradıcılıq yolundan danışıb.

Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrın aktrisaları Rumiya Ağayeva və Tamilla Abutalıbova Fidan xanımın müəllif olduğu “Yeddi xanım şahzadə” kitabından nağılları oxudular. Azərbaycanın əməkdar artisti Nərgiz Əliyeva royalda müşaiət edib.

Gecənin qonaqlarına nağıllar kitabının motivləri üzrə musiqili plastik tamaşa da təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR