Bank Of Baku

Şuşada Vaqif Poeziya Günləri keçirilir - FOTO

Şuşada Vaqif Poeziya Günləri keçirilir - FOTO
# 22 iyul 2025 18:34 (UTC +04:00)

Şuşa şəhərində Vaqif Poeziya Günləri keçirilir.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, tədbirin açılışı Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında olub.

Açılış mərasimində rəsmilər, tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, Vaqif Poeziya Günlərinin ardıcıl və davamlı şəkildə təşkil olunması mühüm hadisədir: “Şuşa, sözün əsl mənasında, Azərbaycanın mədəniyyət paytaxtıdır, böyük bəstəkarların, şairlərin, sənətkarların və yaradıcı insanlarımızın doğulub boya-başa çatdığı bir yurd yeridir. Beşinci dəfədir ki, biz bu müqəddəs məkanda — Şuşada, Vaqif məqbərəsinin önündə poeziyanın, ədəbiyyatın bayramını qeyd edirik. Bu, mənim üçün xüsusi bir qürur və sevinc mənbəyidir”.

Türk Mədəni İrsi Fondunun direktoru Aktor Raimkuva çıxışında Azərbaycanla mədəni əlaqələrin mütəmadi inkişaf etdiyini vurğulayıb: “Azərbaycanla əməkdaşlığımızın günü-gündən genişlənməsi bizim üçün böyük qürur mənbəyidir. Xüsusilə də, belə möhtəşəm poeziya günləri ortaq irsimizin yaşadılması və təbliği baxımından əvəzsizdir. Türk dünyasının ortaq mədəni dəyərlərinin bu şəkildə yaşadılması və dünyaya tanıdılması təqdirəlayiq bir təşəbbüsdür. Biz bu əməkdaşlığın daha da dərinləşəcəyinə inanırıq”.

Daha sonra çıxış edən akademik Nizami Cəfərov Molla Pənah Vaqifin zəngin və çoxşaxəli yaradıcılığından bəhs edib: “Biz bu gün təkcə bir poeziya günündə deyil, eyni zamanda Vaqifin keçdiyi mənəvi, ədəbi yolun son dayanacağı olan Şuşadayıq. Bu torpaq onun ruhunu yaşadır, bu şəhər onun sözünün, fikir dünyasının möhtəşəm təcəssümüdür. Qazaxdan başlanan və Şuşada öz zirvəsinə çatan yaradıcılıq yolu, əslində, Azərbaycan ədəbiyyatının özüdür. Şuşa, doğrudan da, sözün, musiqinin, sənətin sehri ilə yoğrulmuş mədəniyyət ocağıdır. Burada hər addımda tarix, poeziya və ruh var”.

Tədbirdə həmçinin “Vaqifə məktub” esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. “Şuşanın ədəbi irsi və Zəfər tariximizdə əhəmiyyəti” mövzusunda keçirilən müsabiqənin əsas məqsədi ədəbi mühitdə Şuşanın mədəni simasının bədii ifadəsini təşviq etmək, istedadlı qələm sahiblərini üzə çıxarmaq və onların yaradıcılığını stimullaşdırmaq olub.

Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq üç nəfər qalib seçilib:

I yer – “Ruhun və tarixin qovuşduğu Şuşa”, müəllif: Təhminə Verdiyeva
II yer – “Vaqifə müraciət”, müəllif: Natəvan Bağırova
III yer – “Ömrün sıfır nöqtəsi və ya iki misraya sığan həyat”, müəllif: Elvin Əhməd

Mükafatlandırma mərasimi zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.

Daha sonra “İgidlərin sözü” layihəsi təqdim olunub. Şairə Nigar Həsənzadənin “Söz” layihəsi çərçivəsində reallaşan "İgidlərin sözü"ndə 44 günlük Vətən müharibəsi iştirakçıları olan şairlər öz şeirlərini səsləndiriblər.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Vaqif Poeziya Günlərinin açılışı iyulun 14-də Qazaxda olub, tədbir iyulun 15-də Gəncədə və iyulun 16-da Ağdamda davam etdirilib. Vaqif Poeziya Günlərinin bağlanış mərasimi sabah Şuşa şəhərində keçiriləcək.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin açılış mərasimi keçirilib. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərinin bu istiqamətdə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR