Bank Of Baku

“Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası çərçivəsində ölkədə ədəbiyyatşünaslıq elminin inkişaf istiqamətləri açıqlanıb

“Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası çərçivəsində ölkədə ədəbiyyatşünaslıq elminin inkişaf istiqamətləri açıqlanıb
# 08 yanvar 2013 11:16 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası çərçivəsində ölkədə ədəbiyyatşünaslıq elminin inkişaf istiqamətləri açıqlanıb. APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən Teymur Kərimov institutun rəsmi saytına bildirib.

 

O deyib ki, humanitar elmin başqa sahələri kimi, ədəbiyyatşünaslığın da başlıca məq­sədi müstəqil dövlətçiliyin möhkəmlənməsində öz rolunu oynamaq, bu taleyüklü prosesə öz töhfəsini verməkdir. Məhz bu məqsədi gerçəkləşdirmək üçün ədəbiyyatşünaslıq elmi qarşısında qloballaşma və mədəni inteqrasiya dövründə Azərbaycan xalqının milli mentalitetinin qorunub gücləndirilməsinə xidmət edən istər klassik, istərsə də, müasir ədəbi əsərlərin çağdaş elmi səviyyədə tədqiqi və təqdimi, dövlət müstəqilliyi kontekstində ədəbi-nəzəri fikrin yeni obyektiv statu­su­nun və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, ədəbiyyatşünaslıq elminin başqa elm sahələri ilə əlaqələrinin gücləndirilməsi yollarının axtarılması, Azərbaycan ədəbiyyatşü­nas­lıq elminin qlobal mövqelərinin müəyyənləşdirilməsi, klassik Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində layiqli yerinin müəyyən edilməsi və həqiqi dəyərinin verilməsi barədə yeni, fundamental elmi-tədqiqat əsərlərinin yazılması və çağdaş informasiya vasitələri ilə dünya xalqlarına çatdırılması, istedadlı sənətkarların yaradıcılığının stimullaşdırılması, kadr hazırlığı sahəsində seçim edərkən həm Şərq, həm də Avropa dillərini bilən, klassik ədəbiyyata yaxşı bələd olan hərtərəfli hazırlıqlı gənclərə üstünlük verilməsi, ədəbiyyatşünaslıq elminin elektron informasiya bazasının yaradılması və zənginləşdirilməsi lazımdır.

 

T.Kərimov bu vəzifələrin öhdəsindən gəlmək üçün Ədəbiyyat İnstitutu tərəfindən həyata keçiriləcək tədbirləri də sadalayıb: “Azərbaycanın dünya şöhrətli klassik­lə­ri Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi və başqalarının həyatı, yaradı­cılığı, tədqiqi haqqında ensiklopediyalar hazırlanacaq. Müasir elmi-nəzəri fikrin tələbləri baxımından Azərbaycan ədəbiyyatı klassiklərinin irsinin tədqiqini genişləndirmək üçün onların əsərləri müasir Azərbaycan dilinə filoloji tərcümə olunacaq. Klassik Azərbaycan ədəbi-bədii irsini təbliğ etmək və geniş yayılmış dünya dillərinə tərcümə etmək üçün klassiklər haqqında seriya şəklində kitablar, “Ozan-aşıq ensiklopediyası” hazırlanacaq”.

 

Həmçinin Sovet dövrü Azərbaycan ədəbiyyatının azərbaycançılıq məfkurəsi baxımından yenidən dəyərləndirilməsi, XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi və nəşri, farsdilli sənətkarların əsərlərinin tərcüməsi, XX əsr Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi və nəşri, dövrün aktual problemlərinin və cəmiyyətdə qazanılan uğurların ədəbiyyatda əks etdirilməsi məsələlərinin tədqiqinin gücləndirilməsi, yeniyetmə və gənclərdə vətənpərvərlik və milli qüruru duyğularının güclən­di­ril­məsini stimullaşdıran bədii əsərlər haqqında monoqrafik araşdırmaların aparıl­ma­sına və nəşrinə diqqətin artırılması həyata keçiriləcək.

 

T.Kərimov deyib ki, türk xalqları ədəbiyyatının ortaq ədəbi-mədəni, bədii-estetik, nəzəri-fəlsəfi problemləri, türk sufizmi, türk xalqları ədəbiyyatında divan poeziyasının tədqiqi, XX əsr türk xalqları ədəbiyyatının inkişaf meylləri araşdırılacaq, “Türk xalqları ədəbiyyatı tarixi” hazırlanacaq, türk xalqları ədəbiyyatına aid informasiya bazası yaradılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR