Bakı. Etibar Məmmədov - APA. Bu gün məmur, neft milyonçusu, xeyriyyəçi İsa bəy Hacinskinin həyat və fəaliyyətinə həsr olunmuş “İsa bəy Hacinski. Şanlı ömrün səhifələri” adlı monoqrafiyanın təqdimatı keçirilib.
APA-nın məlumatına görə, kitabın müəllifi Nuridə Ayxan bildirib ki, İsa bəy Hacinski Azərbaycan xalqının maarifçiliyi, mədəniyyət səviyyəsinin artırılması istiqamətində böyük rol oynayıb.
Onun sözlərinə görə, İ.Hacınski həm də böyük xeyriyyəçi olub: “Həmin dövrdə Azərbaycanda bütün xeyriyyə cəmiyyətlərinə birbaşa o rəhbərlik edirdi. İsa bəy eyni zamanda uzun müddət dövlət orqanlarında da çalışıb. O düşünürdü ki, Azərbaycan xalqı mütləq maariflənməlidir. Əcnəbilərin tutduğu vəzifələri tədricən azərbaycanlılar əvəz etməli və öz sərvətlərinə sahib çıxmalıdırlar. O, Azərbaycana yeni kadrların gətirilməsi və hazırlanmasının tərəfdarı idi”.
N.Ayxan deyib ki, müəllifi olduğu kitabda İ.Hacınski haqqında bütün məlumatlar yer alıb. Əsər tarixi sənədlər və o zamankı Bakı Şəhər Dumasının iclaslarının jurnallarından götürülən çıxışlar əsasında yazılıb.
Sonra İ.Hacınski haqqında videoçarx nümayiş etdirilib.