Bakı. Gülnar Bəşirova - APA. Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında ilk azərbaycanlı şərqşünas alim qadın, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olması münasibətilə onun elmi-tədqiqat fəaliyyətinə həsr olunan ənənəvi və virtual ədəbiyyat sərgisi başlayıb.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli A.İmanquliyevanın dünya şərqşünaslığında xüsusi mövqeyi olduğunu bildirib. O qeyd edib ki, A.İmanquliyevanın “Azərbaycan şərqşünaslıq məktəbi”nin inkişafında böyük xidmətləri olub: “Aida xanım keçmiş İttifaq və dünya miqyasında şərqşünaslıq məktəbini layiqincə təmsil edən nüfuzlu alimlərdəndir”.
Sərgidə alimin “Cübran Xəlil Cübran”(1975; 2002), “Qələmlər birliyi və Mixail Nuaymə” (2002), “Yeni ərəb ədəbiyyatı korifeyləri”(2003), “Şərq və Qərb: Ortaq mənəvi dəyərlər” (2004) kimi, eləcə də onun həyat və yaradıcılığına həsr olunan Səlahəddin Xəlilovun “Şərq ruhunun Qərb həyatı” (2009), Şərəf Cəlillinin “Daşda çiçək açan Dilbər”, eyni zamanda “Dünya deyilən sənmişsən”, “Romantiçeskaya poeziya v kontekste Vostoçno-Zapadnoy problematiki” (2009) və s. 100-ə yaxın kitab, 40-dan çox məqalə, virtual görüntülər, video filmlər və fotomateriallar oxuculara nümayiş etdirilib.
Qeyd edək ki, sərgi 15 gün müddətində davam edəcək.