Bank Of Baku

AMEA-nın Folklor İnstitutu Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi ilə anlaşma imzalayıb

AMEA-nın Folklor İnstitutu Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi ilə anlaşma imzalayıb
# 10 fevral 2015 06:50 (UTC +04:00)

Bakı - APA. Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM-ın) sədri Mehmet Nuri Parmaksız, İLESAM-ın sədr müavini İlter Yeşilay və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyid Əhməd Arslan AMEA Folklor İnstitutunun qonağı olublar.

 

İnstitutdan APA-ya verilən məlumata görə, AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu (İmanov) institutda görülən işlər haqqında məlumat verib, İLESAM-la yaradıcı əlaqələrin qurulmasını yüksək dəyərləndirib.

 

Qərara alınıb ki, İLESAM-la AMEA Folklor İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalansın, həm Azərbaycan, həm də Türkiyə tərəfdən ayrı-ayrı elmi kitablar, layihələr üzərində işlər qurulsun.

 

M.Kazımoğlu qeyd edib ki, Folklor İnstitutunda “Türk xalqları folkloru” şöbəsi fəaliyyət göstərir. Bu şöbənin fəaliyyəti istiqamətində İLESAM-la uyğun işlər qurula bilər: “Bilirik ki, İLESAM-ın möhtəşəm müsabiqələri olur. Bu müsabiqələr təkcə Türkiyədə çalışan elm adamları ilə yox, həm də Türkiyədən kənarda, ayrı-ayrı türk cümhuriyyətlərində yaşayan elm adamları ilə bağlı olur. İstəyimiz odur ki, Folklor İnstitutu olaraq bu müsabiqələrdə iştirak edək. Qarşılıqlı şəkildə əsas əməkdaşlıq yönü nəşr işlərimiz olsun, bu nəşrlərin siyahısı plan işlərimizə daxil edilsin. Bu sahədə əməkdaşlıq tədqiqatların da istiqamətinə müsbət təsirini göstərə bilsin”.

 

Görüşdə söhbətdə dastan yaradıcılığı sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi olub. İLESAM-ın sədri Mehmet Nuri Parmaksız bildirib: “Azərbaycanlı yazarlar bizi bizdən yaxşı tanıyırlar, ancaq biz sizi o qədər də yaxşı tanımırıq. Layihə çərçivəsində qarşılıqlı olaraq Azərbaycanın və Türkiyənin mədəniyyəti, ədəbiyyatı, yaradıcı insanları daha yaxşı tanınacaq. Demək olar ki, atalar sözümüz, məsəllərimiz, türkülərimiz, mahnılarımız çox oxşardır, hətta birdir. Əslində bu cür anlaşma daha tez olmalıydı. Qarşılıqlı olaraq antologiyaların nəşri, yayılması oxu mədəniyyətinə də təsir edəcək. Türkiyədən yazarlarımız bura, eləcə də Azərbaycandan yazarlar Türkiyəyə gələcək. Azərbaycan bizim üçün çox doğmadır”.

 

İLESAM-ın sədr müavini İlter Yeşilay Bakıdakı görüşlərindən məmnunluğunu bildirib: “Azərbaycanla qan bağlılığımız var. Milli bağlarımızın və kültürümüzün ortaq bağlarında buluşmaq, sənətimizi, mədəniyyətimizi gənc nəsillərə daha yaxşı çatdırmağımız gərəkdir. Yüzillər öncə də babalarımız bu ilişkiləri qoruyub bu günə çatdırıblar”.

 

Qeyd edək ki, İLESAM rəhbərliyi Azərbaycan Yazıçılar Birliyində, Müəllif Hüquqları Agentliyində, Milli Kitabxanada, Aşıq Şəmşir Mədəniyyət Ocağında və başqa ünvanlarda olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR