Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik və Ədəbiyyat institutlarının strukturlarında dəyişiklik ediləcək. Bunu APA-ya AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi Kamal Abdulla bildirib.
Onun sözlərinə görə, Dilçilik İnstitutunda “Qədim dillər və mədəniyyətlər” şöbəsi yaranacaq. İnstitutda həmçinin dünya dilçiliyinin ənənələrini öyrənən şöbə də formalaşacaq: “Dilçilik İnstitutu təkcə Azərbaycan dilini deyil, dünya dillərini və dilçilk ənənələrini öyrənən mərkəzə çevrilməlidir. Dilin ictimai həyatda hansı rolu tutduğunu araşdırmaq və dil qaydalarının qorunmasına nəzarət üçün Monitorinq Qrupları yaradılacaq”.
K.Abdulla deyib ki, Ədəbiyyat İnstitutunda da dünya ədəbiyyatını öyrənən yeni bölmələr yaranacaq.