Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Elmi Şuranın iclası keçirilib.
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, AMEA-nın vitse-prezidenti, institutun direktoru İsa Həbibbəyli Ədəbiyyat İnstitutunda ali məktəblərdən birinin müvafiq baza kafedrasını təşkil etməyi, burada innovativ təfəkkürlü, geniş dünyagörüşünə malik gənc kadrlar formalaşmasını vacib hesab edib.
İ.Həbibbəyli ədəbiyyatşünaslıq elminin inkişafında və təşkilində müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunmasının zəruriliyini diqqət mərkəzinə çəkib. Ədəbiyyatşünaslıq əsərlərinin beynəlxalq aləmdə təbliği sahəsində mövcud problemlərə toxunan akademik bu istiqamətdə müəyyən işlərin təşkili üçün beynəlxalq əlaqələrin məqsədyönlü və davamlı inkişafının önəmini də vurğulayıb.
Direktor AMEA-nın yeni rəhbərliyinin apardığı islahatlara uyğun olaraq institutda həyata keçiriləcək struktur dəyişiklikləri, şöbələrin tərkibində sektorların təşkili, kadr islahatları, istedadlı gənclərin elmi araşdırmalara cəlb edilməsi, əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərindən də danışıb. İclasda institutun tərkibində yeni qurumların təşkili, müdafiə şurası və şöbələrin tərkibində dəyişikliklərin edilməsi, elmi nəşrlərin və saytın yenidən qurulması, institutun 80 illik yubileyinin qeyd olunmasına hazırlıq məsələləri müzakirə edilib.
İclasa yekun vuran akademik İ.Həbibbəyli Ədəbiyyat İnstitutunun alimlərini qarşıdan gələn prezident seçkilərində cəmiyyət həyatının bütün sahələri ilə birlikdə ölkəmizin elm siyasətini, milli ziyalılıq xəttini uğurla həyata keçirən prezident İlham Əliyevə səs verməyə çağırıb.