Bakı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (AMEA) direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli Amerika Kitabxanaçılıq Assosiasiyasının tamhüquqlu üzvü seçilib.
APA-nın xəbərinə görə, Amerika Kitabxanaçılıq Assosiasiyası (American Library Association) təkcə ABŞ üçün yox, eyni zamanda bütün dünyada kitabxana və kitabxana təhsilini müdafiə edən bir qurumdur, 66 minə yaxın üzvü var. 1876-cı ildə Filadelfiyada yaradılan Assosiasiyanın mərkəzi Çikaqoda yerləşir.
Kitabxanaçılıq Assosiasiyası 11 bölmədə fəaliyyət göstərir. Bura Amerika məktəb kitabxanalarının assosiasiyası, ali məktəb kitabxanalarının assosiasiyası, Xüsusiləşmiş və kooperasiya edilmiş kitabxana agentliklərinin assosiasiyaları, Ümumi kitabxanaların assosiasiyası, Rəhbər kitabxana işçilərinin assosiasiyası, Kitabxanalarda informasiya texnikası və texnologiyasının tətbiqi mütəxəssislərinin assosiasiyası, Uşaqlara kitabxana xidməti assosiasiyası və s. daxildir. Həmçinin assosiasiya dövlət, regional, eyni zamanda tələbə qurumları ilə də əməkdaşlıq edir, konfranslar keçirir, kitabxanaların inkişafında yaxından iştirak edir, kitab və bülletenlər nəşr etdirir.
Assosiasiya ona üzv olan hər bir kitabxana istifadəçisinin şəxsi həyatının toxunulmazlığı hüququnu, əldə etdiyi dəqiq informasiya və resursların, alınan və verilən məlumatların səhihliyini qoruyur.