Bakı. Gülnar Bəşirova - APA. Türkmənistanın paytaxtı Aşqabadda görkəmli türkmən şairi Məxtumqulu Fəraqinin 290 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin qatıldığı üç günlük konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.
Konfransın Məxtumqulu Fəraqi və dünya ədəbiyyatı adlanan bölməsinin iclasında 26 ölkəni təmsil edən 62 alimin məruzəsi dinlənilib. İ. Həbibbəyli rəhbərlik etdiyi bu bölmədə "Azərbaycanda Məxtumqulu yaradıcılığına baxış" mövzusunda məruzə edib.
Tədbirin iştirakçıları sırasında Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov, Türkiyənin prezidenti Abdullah Gül, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və digər ölkələrin dövlət və hökümət rəsmiləri də yer alıb.
Səfər çərçivəsində İ. Həbibbəyli Qazaxıstanın paytaxtı Astanada düzənlənmiş beynəlxalq foruma da qatılıb. Tədbirdə akademik "Azərbaycanda dil və əlifba islahatları" mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanı Qazaxıstandakı səfirimiz Zakir Həşimov, ölkəmizin Polşadakı səfiri Həsən Həsənov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru Ərtegin Salamzadə və sənətşünaslıq doktoru Rəna Abdullayeva da təmsil ediblər.