Bakı. Rüfət Əhmədzadə - APA. Türkiyənin Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi (İLESAM) ilə Azərbaycan Yazıçılar Birliyi (AYB) əməkdaşlıq protokolu imzalanacaq.
Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyinin təşkilatçılığı ilə İLESAM sədri Mehmet Nuri Parmaksız və onun müavini İlter Türkay Azərbaycana səfər edib.
Fevralın 6-dək davam edəcək səfərin məqsədi iki ölkə arasında elm və ədəbiyyat sahəsindəki əlaqələrin daha da inkişafıdır. Səfər çərçivəsində AYB rəhbərliyi ilə imzalanacaq protokolda Azərbaycan və Türkiyədə dərc olunan ədəbi və elmi əsərlərin qarşılıqlı tərcümələrinin edilməsi, müasir yazarların hər iki ölkədə tanıdılması istiqamətində ortaq addımlar atılması nəzərdə tutulub.
Həmçinin İLESAM rəhbərliyinin Azərbaycan Milli Kitabxanası, AMEA Folklor İnstitutu, Bəstəkarlar İttifaqı, Müəllif Hüquqları Agentliyi, Atatürk Mərkəzi, Dünya Gənc Yazarlar Birliyi və Aşıq Şəmşir Ocağının rəhbərlikləri ilə də görüşləri planlaşdırılır.