Bakı. Cavid Zeynalov - APA. Oktyabrın 9-dan 13-dək Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük kitab sərgi-yarmarkası (Frankfurter Buchmesse) keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, 65-ci Frankfurt yarmarkasında Azərbaycan kitabları da nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin, “Renessans” və “Şərq-Qərb” nəşriyyatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycanı bu sərgidə altıncı dəfə təmsil edəcəklər: “Ötən illərdən fərqli olaraq, bu il icarəyə götürdüyümüz sahə, stend daha genişdir. Kitablarımız “Frankfurter Messe” sərgi şəhərciyində 48 kvadrat metr sahədə gözəl tərtibatlı stenddə nümayiş olunacaq. Qız qalasının fiquru və Qala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alacaq. Azərbaycan guşəsində nəzərdə tutulan əsas tədbirlərdən biri 12 oktyabrda Heydər Əliyevin 90 illiyinə həsr edilmiş mərasim olacaq. Tədbirə Hessen əyaləti məclisinin deputatları, alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diasporlarının təmsilçiləri dəvət olunub. Sərgi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan “Heydər Əliyev adına” kitab-albomun təqdimatı da keçiriləcək”.
Azərbaycanın stendində ziyarətçilərə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim ediləcək.
Frankfurt kitab yarmarkası 1949-cu ildən keçirilir. Bu il yarmarkada 100-dən çox ölkədən 7400-dək nəşriyyat və poliqrafiya şirkətinin məhsulları sərgilənəcək.