İstanbul. Mayis Əlizadə - APA. Azərbaycan şifahi xalq ədəbiyyatının qiymətli nümunəsi olan “Şikari dastanı” Ankarada çapdan çıxıb.
APA-nın məlumatına görə, Türk Dil Qurumu tərəfindən nəşr edilmiş kitabı Adana şəhərindəki Çukurova Universitetinin doktorluq tələbəsi, təbrizli tədqiqatçı Nabi Kobotarian çapa hazırlayıb. Bu, Azərbaycan folkloruna dair N.Kobotarianın Türkiyədə çap edilmiş ikinci kitabıdır.
“İran Azerbaycanı aşık destanları” seriyasının birinci kitabı olan “Şikari destanı” adlı kitabın çapdan çıxması münasibətilə APA-ya açıqlama verən N.Kobotarian deyib ki, Türk Dil Qurumu kimi mötəbər bir elm ocağının İran Azərbaycanının xalq ədəbiyyatı ilə bağlı seriya açmasından və ilk olaraq onun kitabını çap etməsindən çox məmnundur: “Şikari dastanı”nı ötən əsrin 90-cı illərinin ortalarında İran Azərbaycanının məşhur aşığı Yədullahdan toplamağa başlamışdım. Aşıq Yədullah dastanı ustadlarından öyrənib, daha sonra özü dastana əlavələr edərək böyüdüb. 60-cı illərin axırlarında lentə alınmış dastanı əvvəlcə kağıza, sonra bilgisayara köçürdüm, 20-30-cu bölümləri başqa mənbələrdən tapıb dastana əlavə etdim. Dastan Avropa folklorşünasları arasında böyük marağa səbəb oldu. 55 saatlıq kasetlərdən ibarət olan bu möhtəşəm xalq yaradıcılığı örnəyini illər uzunu yaşadan və gələcək nəsillərə ötürmək üçün mənə fürsət yaradan aşıq Yədullaha uzun ömür diləyirəm”.
Tədqiqatçı Türk Dil Qurumunun açdığı seriyanın İran Azərbaycanı folklorunun qiymətli nümunələrinin çapı ilə davam etdiriləcəyini qeyd edib.