Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakıda Azərbaycan-Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə “Şah Xətai-Sultan Səlim” beynəlxalq simpoziumu işə başlayıb.
APA-nın məlumatına görə, millət vəkilləri, tarixçilərin, türkiyəli alimlərin qatıldığı konfransda çıxış edən “Azəri-Türk Qadınlar” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı simpoziumun əhəmiyyətini qeyd edərək bildirib ki, simpozium iştirakçıları tərəfindən səsləndirilən fikirlər kitab şəklində nəşr olunaraq yayımlanacaq: “Böyük türk hökmdarları olan Şah İsmayıl və Sultan Səlimin münasibətləri zamanın tələbi ilə yenidən araşdırılmalı və düzgün tədqiq olunmalıdır. Çaldıran döyüşü bizim acı tariximizdir.”.
AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov türk dünyası tarixinin araşdırılması istiqamətində simpoziumun əhəmiyyətini vurğulayıb. Səfəvi-Osmanlı toqquşmalarının baş verməsində hər iki tərəfin məğlub olduğunu, bu müharibələrdən yalnız Qərb dövlətlərinin yararlandığını bildirən Y.Mahmudov hazırkı dövrdə türk dünyasının birləşməsinin vacibliyini qeyd edib: “Yazılan əsərlər, tarixin düzgün təhlil olunmaması türk dünyasında böyük yanlışlıqlar əmələ gətirir. Türk dünyasını birləşdirmək üçün öncə tarixdə birləşməli, tarixdəki qarşıdurmaları, neqativlikləri bir kənara qoyaraq bütün şəxsiyyətlərə türk dünyasının övladları kimi baxmalıyıq. Ortaq türk tarixi yaratsaq, keçmiş qarşıdurmaların hamısını aradan qaldırmış olarıq. Biz ilk olaraq təfəkkürdə birləşməliyik. Türkiyədə və Azərbaycanda bu hökmdarlar səhv təqdim olunduqca, biz irəli gedə və birliyə nail ola bilmərik. Çaldıran döyüşündə udan tərəf yoxdur. Türkləri zəiflətdilər və Avropa qazandı”.
Türkiyəli professor Tufan Gündüz “Şah İsmayılın Kimliyi: Rum və Turan arasında dini və siyasi tanımlamalar” mövzusunda məruzə edib. O, Şah İsmayılı böyük türk sərkərdəsi kimi xarakterizə edərək, qızılbaş əsgərlərinin qəhrəmanlığının kökündə şiəliyə və Xətaiyə dərin inamın durduğunu söyləyib. T.Gündüzün “Səfəvilər İranın şimalında yaranıb” fikri Y.Mahmudovun etirazına səbəb olub: “Xətai İran hökmdarı deyil, Səfəvi-Türk hökmdarı demək lazımdır. Səfəvi dövləti İranın şimalında deyil, Azərbaycanın cənubunda - məhz Azərbaycan şəhəri olan Ərdəbildə yaranıb”.
AMİP lideri Etibar Məmmədov “Səfəvi-Osmanlı münasibətlərinin müasir dövr tələbləri baxımından siyasi dəyərləndirilməsi” mövzusunda, Kaspi Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva “Simpoziuma ictimai baxış”, xalq şairi, millət vəkil Sabir Rüstəmxanlı Sabir Rüstəmxanlı “Türk tarixinin bəzi sorumları”, sənətçi-yazar Ahmet Şafak isə “Osmanlı-Səfəvi münasibətlərinin müasir dövr tələbləri baxımından siyasi dəyərləndirilməsi” mövzusunda məruzə ilə çıxış ediblər.
Simpozium iki gün davam edəcək. Sabah Rəşid Behbudov adına Mahnı Teatrında Şah İsmayıl və Sultan Səlimin xatirəsinə həsr olunmuş konsertlə tədbirə yekun vurulacaq.