Bakı. Anaxanım Hidayətova - APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) tanınmış İsrail yazıçısı Əli Amirin Azərbaycan dilinə tərcümə olunmuş "Yasəmən" romanının təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz, BDU-nun müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə çıxış edən səfir qeyd edib ki, Azərbaycanda İsrail ədəbiyyatına maraq olduğunu görmək çox sevindirici haldır. Onun sözlərinə görə, növbəti ildə İsrail ədəbiyyatının daha bir nümunəsi Azərbaycan dilinə tərcümə olunacaq. R.Harpaz həmçinin əlavə edib ki, kitabda yazıçı tarixi hadisələri çox həssaslıqla təsvir edir.
BDU-nun şərqşünaslıq fakwltəsinin dekanı Elxan Əzizov kitabın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu cür kitabların buraxılması Azərbaycan və İsrail xalqları arasında əlaqələri daha da yaxınlaşdırır.
Qeyd edək ki, roman başqa dindən və başqa millətdən olan Yasəmən ilə Nurinin sevgi macərasından bəhs edir.