Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yunus Əmrə Vəqfi prezidenti və Yunus Əmrə İnstitutunun müdiri Prof. Dr. Ali Fuat Bilkanı, Yunus Əmrə İnstitutunun Türkologiya koordinatoru Yasin Tunçu, Tbilisi Yunus Əmrə Mədəniyyət Merkezi Müdürü Barış Demiri qəbul edib. Rektor BDU-nun yaranma tarixindən, inkişaf mərhələlərindən, beynəlxalq əlaqələrindən və bir çox universitet assosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən danışıb.
Öz növbəsində Yunus Əmrə Vəqfinin prezidenti Prof. Dr. Ali Fuat Bilkan bildirib ki, Yunus Əmrə Vəqfi Türk dilini, tarixini, mədəniyyətini və incəsənətini təbliğ etmək, bunlarla bağlı məlumatları və materialları dünyaya yaymaq, Türk dili, mədəniyyəti və incəsənəti sahələrində təhsil almaq istəyənlərə Türkiyə xaricində xidmət göstərmək, Türkiyənin başqa ölkələrlə mədəni əlaqələrini artıraraq dostluğunu inkişaf etdirmək məqsədilə 2007-ci ildə yaranıb. Vəqfə bağlı olaraq qurulan Yunus Əmrə İnstitutu isə qanunvericiliklə müəyyən olunmuş məqsədləri həyata keçirmək üzrə təhsil və tədris fəaliyyətləri ilə elmi tədqiqat işlərini həyata keçirir.
Görüşdə həmçinin universitetlərarası elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə edilib.
Görüşün sonunda BDU-da Yunus Əmrə Mədəniyyət Mərkəzinin yaradılması barədə protokol imzalanıb.