Bakı. Cavid Zeynallı - APA. Hüseyn Cavidin Ev Muzeyində 4 iyun - Hüseyn Cavidin həbs olunduğu günə həsr olunmuş anım tədbiri keçirilib.
APA-nın məlumatına görə, muzeydə “Açıq qapı” günü elan olunub.
Tədbir çıxış edən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı bildirib ki, 1937-ci il 4 iyun gecəsində Sovet cəza orqanları Hüseyn Cavidin yaşadığı mənzilə basqın edərək onu həbs edib, evdə axtarış apararaq Cavidin əsərlərinin çoxunu məhv ediblər: “Cavid əfəndi və onun ailəsi üçün faciələrin başlanğıcı olan 1937-ci ilin 4 iyun gecəsi təkcə bu ailənin yox, bütün bir millətin yaddaşında dərin izlər buraxıb. Cavid əfəndi hardan biləydi ki, ailəsiylə son şam yeməyini edibmiş həmin gün. Hardan biləydi ki, avtobioqrafik əsəri olan “Azər” poeması yarımçıq qalacaq həmin gün”.
“Açıq qapı” günü iyunun 7-dək davam edəcək.